Avropa Şurası missiyası İlqar Məmmədovun işini müzakirə edir

0
Avropa Şurasının xüsusi missiyası Bakıya gəlib. Səfərdə məqsəd AŞ üzvü üçün məcbur olan qərarların yerinə yetirilməsindən Azərbaycanın imtina etməsilə bağlı məsələlərin öyrənilməsidir.
Turan-ın məlumatına görə, yanvarın 11-də AŞ baş katibi Thorbjørn Jagland (Turbyorn Yaqland) Strasburqda müşavirədə bildirib ki, onun qərarı ilə təşkilatın nizamnaməsinin 52-ci maddəsi əsasında yaradılan xüsusi missiya Azərbaycana gedib.
“Missiya Bakıda İlqar Məmmədovun işi ilə bağlı qərarı və bununla əlaqədar digər məsələləri müzakirə edəcək”, – Jagland vurğulayıb.
Həmin gün AŞ katibliyinin hüquq departamentinin direktoru Philippe Boillat (Filip Buaya) və siyasi məsələlər üzrə direktor Alexander Hessel baş prokurorun müavini Namiq Əsgərovla görüşüblər.
Qeyd edək ki, AŞ nizamnaməsinin 52-ci maddəsi AŞ qərarlarına məhəl qoyulmaması və üzərinə götürülən öhdəliklərin yerinə yetirilməsindən imtina halları ilə bağlı təşkilat üzvü olan ölkələrə sanksiya tətbiqini nəzərdə tutur.
İndiki halda Azərbaycan hakimiyyəti REAL Hərəkatının lideri, beynəlxalq birlik tərəfindən siyasi məhbus kimi tanınan İlqar Məmmədovun azad edilməsi barədə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına açıq şəkildə məhəl qoymur və yerinə yetirməkdən nümayişkaranə şəkildə imtina edir.
Bundan əlavə, Bakı həbsdə olan keçmiş nazir Əli İnsanovun işi üzrə AİHM-nin qərarlarına məhəl qoymur.
Azərbaycan hakimiyyəti öz hərəkətləri ilə bağlı tutarlı açıqlama vermir.