Musiqili Teatrda “Silva” operettasının premyerası keçiriləcək

0
Azərbaycan Dövlət Musiqili Teatrında 107-ci mövsümün növbəti, 2017-ci ilin isə ilk premyerası keçiriləcək.
Abzas.net xəbər verir ki, 11 yanvar saat 19.00-da İmre Kalmanın dünyaca məşhur olan “Silva” operettası tamaşaçılara təqdim olunacaq.
Teatrının mətbuat katibi Samir Sədaqətoğlunun verdiyi məlumata görə, rus bölməsi tərəfindən hazırlanan yeni tamaşanın quruluşçu rejissoru əməkdar artist Boris Lukinski, quruluşçu dirijoru əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu rəssamı əməkdar mədəniyyət işçisi Aleksandr Fyodorov, geyim üzrə rəssamı Yelena Almazova, quruluşçu baletmeysterləri Yelena və Zakir Ağayevlər, xormeysteri əməkdar artist Vaqif Məstanov, dirijoru əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Emin Həsənov, rejissor assistentləri Elməddin Dadaşov və Sevinc Məmmədovadır.
Tamaşada rolları əməkdar artistlər Nərgiz Kərimova, Boris Qrafkin, Səidə Şərifəliyeva, Svetlana Bulax, aktyorlar Rauf Babayev, Emil Heydərov, Yuliya Heydərova, Aydan Həsənova, Marina Litvinenko, Firuz Məmmədov, Nicat Əli, Elçin İmanov, Telnaz Hüseynova və Elməddin Dadaşov ifa edirlər.
Əsərin süjet xəttini böyük sevgi hekayəsi təşkil edir. Kabaredə müğənni işləyən Silva Varesku ilə knyaz oğlu Edvin Vedlersxeym arasında yaşanan eşq Edvinin ailəsi tərəfindən birmənalı qarşılanmır. Valideynləri Silva ilə evlənməyə hazırlaşan Edvini başqası ilə nişanlamağa qərar verirlər.
Teatrsevərlər bu maraqlı səhnə əsərini izləmək üçün biletləri şəhərin bütün teatr-konsert kassalarından və “ASAN Xidmət” mərkəzlərindən əldə edə bilərlər.