Qubad İbadoğlu: ARDNF-nin büdcəsinin kəsiri xərclərinin 42,2 faizini təşkil edəcək

0
Yanvarın 10-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2017-ci il büdcəsi haqqında Azərbaycan prezidenti fərman verib.
Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri 8 milyard 370 milyon 589,8 min manat, xərcləri isə 14 milyard 483 milyon 856,0 min manat məbləğində təsdiq edilib.
İqtisad elmləri doktoru Qubad İbadoğlu ARDNF-nin 2017-ci il üçün büdcəsi ilə bağlı facebook səhifəsində məqalə ilə çıxış edib.
Ekspert ARDNF-nin büdcəsi ilə bağlı aşağıdakı məqamlara diqqət çəkir.
1) Fondun büdcəsinin təsdiqi proseduru pozulur. Bu il üçün də ARDNF-nin büdcəsi 1 ay 10 gün gecikdilərək təsdiq edilib. Belə ki, Azərbaycan prezidentinin 2001-ci il 12 sentyabr tarixli fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Neft Fondunun illik gəlir və xərclər proqramının (büdcəsinin) tərtibi və icrası Qaydaları”nın 4.4 bəndində deyilir: “Neft Fondunun büdcəsi hər il 1 dekabr tarixindən gec olmayaraq təsdiq edilir”.
Təəssüf ki, qanunvericiliyin bu tələbi ARDNF yaranandan bu günədək heç vaxt yerinə yetirilməyib.
2) Fondun büdcəsinin kəsiri kəskin artır. İlk dəfədir ki, ARDNF-nin büdcəsinin kəsiri onun xərclərinin 42,2 faizini təşkil edəcək. Fondun bu i il üçün gözlənilən büdcə kəsiri 6 milyard 113 milyon 226, 2 min manat olacaq ki, bu da xərclərin 42,2 faizinin Fondun aktivləri hesabına maliyyələşdiriləcəyinə deməyə əsas verir. Bu il ilk dəfədir ki, o Fondun illik gözlənilən gəlirləri onun planlaşdırılan xərclərinin 57,8 faizini örtə biləcək.
3) Fondun mədaxilinin təminatında tükənən və azalan gəlirlər üstünlük təşkil edir. Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsinin gəlirləri əsasən Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər hesabına formalaşacaq. Bu il üçün proqnoza görə, bu mənbədən Fondun büdcəsinə 7 milyard 550 milyon 705,3 min manat vəsait daxil olacaq ki, bu da ümumi gəlirləri 90,2 faizini təşkil edəcək. Bu məbləğ neft və qaz hasilastının səviyyəsidən və dünya bazar qiymətlərindən asılı olaraq dəyişə bilər.
4) Fondun aktivlərinin idarəolunmasından gəlirləri manatla artır. Dövlət Neft Fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirləri 800 milyon manata qədər proqnozlaşdırılıb. Bu o deməkdir ki, Fondun bu mənbədən gəlirlərinin manatla artımında milli valyutanın aparıcı valyuta vahidlərinə nəzərən devalvasiyası əhəmiyyətli rol oynayacaq.
5) Böhranın xərcləri Fonddan maliyyələşdirilir. İlk dəfə olaraq bu il Fondun büdcəsində makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Mərkəzi Bankına transfert nəzərdə tutulub. Onun yuxarı həddi 7,5 milyard manat müəyyən edilib ki, bu da Fondun cari ildə proqnozlaşdıırlan gəlirlərin 90 faizə qədərini təşkil edir. Halbuki, “Neft və qaz gəlirlərinin idarə olunması üzrə uzunmüddətli Strategiya”nın qüvvədə olduğu dövrdə “daimi real xərclər” prinsipi əsasında müəyyənləşdirilmiş xərc hədlərinə riayət olunmalıdır. Bu qayda yenə də pozulub. Strategiyaya görə, ortamüddətli xərclərin həcmi qeyri-neft kəsirinə (neft sektoru istisna olmaqla, ölkənin konsolidasiya olunmuş büdcəsinin gəlirləri və xərcləri arasında fərqə) əsasən və uzunmüddətli xərc limitləri nəzərə alınaraq müəyyən olunmalıdır. Xərclərdə ildən-ilə kəskin dəyişikliklər arzuolunmazdır və nəzərə almaq lazımdır ki, qeyri-neft kəsiri belə sürətlə ani dəyişə bilməz.
6) Fiskal qaydalar olmadan Fondun gəlirlərinin dördə üçündən çoxu xərclənir. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanununun tətbiqi barədə fərmanda ARDNF-dən dövlət büdcəsinə transfertin yuxarı həddinin tənzimlənməsinə və fiskal dayanıqlılığın gücləndirilməsi məqsədilə yeni fiskal qaydalara dair təkliflərini 6 ay müddətində hazırlayıb. Bundan sonra dövlət büdcəsinə nəzərdə tutulan transfertin yuxarı həddinin aylıq və rüblük bölgü əsasında həyata keçirilməsini Maliyyə Nazirliyi və Mərkəzi Bankla əlaqələndirməklə təmin edəcək. Lakin, hətta bu qaydalar bu il hazırlansa da növbəti ildən qüvvəyə minəcək, bu isə o deməkdir ki, bu il də nəzərə alınmaqla hökümət fiskal qaydalrı Fondun gəlirlərinin 80 faizə qədərini xərcləyəndən sonra tətbiq edəcək. Bu isə o deməkdir ki, indiyə qədər qaydasız xərclənən neft gəlirləri tənzimlənməyib.
Təbii sərvətlərdən gəlirlərin idarə olunmasında fiskal qaydalar və fiskal çərçivə çox vacib olsa da bununla əlaqədar olaraq, hökümətə dəfələrlə təkliflər versək də indiyə qədər nəzərə alınmayıb. Tərəfimizdən sonuncu belə təklifi 2012-ci ildə Maliyyə Nazirliyinə təqdim olunub. Hazırda yenə də aşağıdakı suallar açıq qalır:
Hər il Fonddan gəlirlərin neçə faizi çıxarıla bilər?
Uzun müddətli yığım və xərcləmə qərarları hansı prinsiplərlə idarə olunur?
Hansı xərc maddələri Fonddan maliyyələşdirə bilər, hansılar maliyyələşdirilə bilməz?
7) Fondun büdcəsinə Hesablama Palatası rəy vermir. “Azəbaycan Respublikası Hesablama Palatasının Daxili Nizamnaməsi”nə görə, Hesablama Palatası Neft Fondunun büdcəsi ilə bağlı rəy verməlidir. Belə ki, Nizamnamənin 4-cü bəndinin 12-ci maddəsində qeyd olunur ki, “Dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının (institutlarının) büdcə layihələri ilə bağlı rəy vermək. Bu, Hesablama Palatasının əsas öhdəliklərindən biridir. Bundan əlavə, 29 dekabr 2000-ci il tarixli prezident fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Dövlət Neft Fondu haqqında Əsasnamə”nin 1.3-cü maddəsində qeyd olunur ki, “Fond büdcədənkənar institutdur”. Ona görə də Hesablama Palatası Neft Fondunun büdcəsinə dair rəy verməlidir. Hesablama Palatası tərəfindən Neft Fondunun budcəsinə rəy verilməməsi, eləcə də ali audit və parlament nəzarəti imkanlarının məhdudluğu və xərcləmələrlə bağlı qərarların qəbul edilməsi prosesində icra hakimiyyətinın inhisarçılı rolu səmərəli xərcləmələr həyata keçirməkdə ciddi problemlər yaradır.
8) Fondun fəaliyyətinə ictimai nəzarət yoxdur. Dövlət Neft Fondunun Əsasnaməsinin 5.4-cü maddəsində deyilir: “Müşahidə Şurası” Fondun fəaliyyəti üzərində ümumi rəhbərliyi təmin etmək üçün müvafiq dövlət orqanları və vətəndaş cəmiyyəti təşkilatları, həmçinin digər şəxslərdən formalaşdırılır.” (Fondun Müşahidə Şurasında vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndəsinin təmsil olunması) əməl olunmadığı üçün onun idarə olunmasında vətəndaş iştirakçılığı və ictimai nəzarət imkanları məhdudlaşdırır və bu da Müşahidə Şurasının formal fəaliyyətini şərtləndirir.
Yekun olaraq onu qeyd etmək istərdim ki, bu ildə də saxlanılan status-kvo şəraitində neft gəlirlərinin sürətli xərclənməsi onun gələcək nəsillər arasında ədalətli paylanmasını mümkünsüz edir. Eyni zamanda, Hesablama Palatasını, parlamenti və vətəndaş cəmiyyəti təşkilatlarını bu prosesdən kənarda qoymaqla bir tərəfdən xərcləmələrlə bağlı qərarların qəbul edilməsini icra hakimiyyətinin inhisarında saxlamağa səbəb olur, digər tərəfdən isə şəffaflığın və ictimai nəzarətin təmin olumamasına yol açır.