Rex Tillerson: “Rusiya öz əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır”

0
Photo: F. Carter Smith/Bloomberg via Getty Images
Bu gün ABŞ Senatında yeni seçilmiş prezident Donald Trump tərəfindən dövlət katibi vəzifəsinə namizədliyi irəli sürülmüş Rex Tillersonun bu vəzifəyə təsdiqlənməsi ilə əlaqədar dinləmələr keçiriləcək.
“Reuters” agentliyi R. Tillersonun Senatda edəcəyi çıxışın mətnini əldə edib. Mətndə Rusiyanın beynəlxalq arenada fəaliyyətindən narahatlıq ifadə olunur.
R. Tillerson giriş nitqində D. Trumpın hansı səbəblə Rusiya ilə münasibətlərin yaxşılaşdırılmasına tərəfdar olduğunu izah edir. O bildirir ki, Vaşinqtona öz kursunu müəyyənləşdirmək üçün Moskva ilə açıq və şəffaf dialoq lazımdır. Lakin “Reuters” qeyd edir ki, R. Tillersonun bu barədə ritorikası D. Trumpın bəyanatlarından fərqlənir. “Rusiya beynəlxalq arenada əhəmiyyətli rol oynamaq və ona hörmət olunmasını təmin etmək istədiyi bir zamanda son vaxtlar yol verdiyi hərəkətlərlə Amerikanın maraqlarını inkar edib. Rusiya bilməlidir ki, biz öz öhdəliklərimiz, eləcə də müttəfiqlərimiz qarşısındakı öhdəliklərimizə əməl edəcəyik və Rusiya öz əməllərinə görə məsuliyyətə cəlb olunmalıdır”, – deyə R. Tillerson vurğulayır.
Dövlət katibliyinə namizəd Rusiyadan qaynaqlanan təhlükəyə diqqət çəkib: “Rusiya Ukraynaya soxulub, Krımı özünə birləşdirib və savaş qanunlarını qəddarcasına pozan Suriya qüvvələrinə dəstək verib. Bizim NATO üzrə müttəfiqlərimiz dirçələn Rusiyadan narahatlıq duymaqda haqlıdır”.
Qeyd edək ki, R. Tillerson “Exxon-Mobil” neft korporasiyasının baş direktoru idi, lakin dövlət vəzifəsinə namizədliyi irəli sürüldükdən sonra bu vəzifədən istefaya gedib. ABŞ-ın bir sıra nüfuzlu senatorları onun Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələrə malik olmasından ciddi narahatlıq duyduqlarını və Senatda R. Tillersonun namizədliyi müzakirə olunarkən bu barədə məsələ qaldıracaqlarını bildiriblər.