Türkiyə parlamentində yenə dava düşüb

0
Türkiyə Böyük Millət Məclisində konstitusiya dəyişikliyi təklifi üçün səsvermənin birinci turunda 5-ci maddə də qəbul edilib.
Çərşənbə gecəsi Məclisdə Cümhuriyyət Xalq Partiyası (CHP) millət vəkillərinin tribunanı çevrəyə alaraq etiraz etməsindən sonra deputatlar arasında daha bir qalmaqal baş verib.
Anadolu xəbər agentliyi hazırda hakimiyyətdə olan Ədalət və İnkişaf Partiyasının (AKP) vəkillərinin CHP-li vəkilləri tribunadan uzaqlaşdırmağa çalışdığını və bu zaman “yumruqlaşmağa qədər çatan davalarda bəzi millət vəkillərinin yaralandığını” bildirib.
CHP millət vəkillərinin qatılmadığı və 343 səslə qəbul edilən 5-ci maddədə Böyük Millət Məclisinin vəzifələri və səlahiyyətləri sadalanır.
Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçeli jurnalistlərə təklifin parlamentdən keçmədiyi halda “parlamentin yenilənməsi lazım olduğunu” söylədiyi bildirilib.
Anadolu xəbər agentliyinin məlumatına görə, 5-ci maddəylə bağlı səsvermələr zamanı CHP-dən olan deputatlar qol-qola girərək tribunanı çevrəyə alıblar.
AKP deputatları isə tribuna ilə Başçılıq Divanı arasına keçərək, CHP-dən olan millət vəkillərini uzaqlaşdırmağa çalışıb. Onlar “tribuna işğalının qəbuledilməz olduğunu” söyləyərək CHP-ni tənqid edib.
Məlumata görə, davanın nəticəsi olaraq deputatların çıxış etdiyi tribuna və səs sistemi zərər görərək istifadəsiz vəziyyətə düşüb. Tribunanın yerindən çıxdığı bildirilir. Baş Məclis salonunun bəzi yerlərində də zədələr yaranıb.
CHP-dən olan millət vəkillərinin səsverməsində iştirak etmədiyi 5-ci maddədən əvvəl təklifin 4 və 3-cü maddələri də qəbul edilib.
“Türkiyə Böyük Millət Məclisi və prezident seçkilərinin 5 ildən bir, eyni gün keçirilməsini” nəzərdə tutan 4-cü maddə 343 səslə qəbul edilib. Bu maddə, müddəti bitən millət vəkillərinin yenidən seçilməsinə də imkan yaradır.
Təklif paketinin 3-ci maddəsi seçilmək yaşını 25-dən 18-ə endirilməsini nəzərdə tutur və maddət 341 səslə qəbul edilib.
Məclisdə 3-cü maddə səsverməyə çıxarılarkən gizli səsvermə ilə bağlı mübahisə yaranıb və bəzi millət vəkillər arasında “yumruqlaşma baş verib”.
Baş verən dava səbəbindən iclasa bir müddət fasilə verilib, sonra səsvermə yenidən aparılıb. 3-cü maddədə “səfərbərliklə bağlı olanların” millət vəkili namizədliyinə müraciət etməməsi də nəzərdə tutulur.
Dəyişiklik paketində 18 maddə var
Dünən keçirilən səsvermədə isə dəyişiklik təklifinin ilk iki maddəsi qəbul edilib.
Məhkəmə ilə bağlı nizamlamanı ehtiva edən birinci maddənin səsverməsində 484 deputat iştirak edib, 347 deputat dəyişikliyi dəstəkləyib.
Deputat sayının 550-dən 600-ə çıxarılmasını nəzərdə tutan təklifin ikinci maddəsi də 343 səslə qəbul edilib.
Proses necə işləyir?
Dəyişiklik paketində 18 maddə var. Qanuna görə, konstitusiya dəyişikliklərinin iki tur səsvermə ilə keçirilməsi lazımdır.
Hər bir maddə müzakirə edildikdən sonra gizli səsvermə keçirilir.
Səsvermənin ilk turu aparıldıqdan sonra konstitusiya dəyişikliyi müzakirələrində birinci tur bitəcək, səsvermənin ikinci turunda azı 330 səs almış maddələr qəbul ediləcək.
Sonra konstitusiya dəyişikliyi paketi referenduma çıxarılacaq.