“Üzümə duran polis dedi ki, 500 manata görə bunu etməyə məcburam”

0
“Dünən məhkəmədə mən ağladım. Bəli ağladım, ona görə yox ki, məni tutub işgəncə veriblər, məni dəfələrlə tutmuşdular, işgəncə də vermişdilər, dözürdük. Dözürəm çünki, bu yola çıxanda mən gözə almışdım başıma nələr gələcək bu ölkədə. Dünən mən ölkənin düşdüyü vəziyyətə ağladım, vətəndaşların, polislərin düşdüyü acınacaqlı durumu görüb ağladım”.
Bu sözləri bloqqer Mehman Hüseynov sosial şəbəkədə dünənki məhkəmədə yaşadıqlarını danışarkən qeyd edib.
Biz məhkəmədə 4 saata yaxın polislərlə bərabər olmuşduq. Mənə valideynlərim, dostlarım yemək göndərmişdilər, ancaq o yeməyi tək yeməyi özümə sığışdırmadım. Yanımdakı polislər çox yorğun görünürdülər. Onlarla xoş münasibət qurdum. Hər bir polis öz dərdini mənə danışırdı. Hamısı bir sözlə deyirdilər ki, Mehman bil ki, biz sadə polislər səni izləyirik, dəstəkləyirik. Bəli, ölkədə pis polislər də var, amma biz onlardan deyilik, biz bacardığımız qədər vətəndaşlara kömək edirik. Aldığımız 500 manat ailəni dolandırmaq üçün bəs eləmir. Biz burda sənin yanındayıq, heç bilmirik səni niyə bura gətiriblər, amma biz, indi burda gördüyün polislər hamımız ailəliyik və fikirləşirik ki, axşam balaca uşağıma pampersi, oyuncağı hansı pul ilə alacam. Düz 4 saat mən həmin polislərlə beləcə ünsiyyətdə oldum”- deyə bloqqer yazıb.
Mehman Hüseynov məhkəmədə həmin polislərin onun əleyhinə ifadə verməyindən məyus olduğunu da qeyd edib. 
“Məhkəməyə daxil olub, mənim üzümə durdular. Elə o an mən ağladım. Polis saxta ifadəni verə-verə çox utanırdı, mənim üzümə baxa bilmirdi. Ona baxanda gözümün önünə ölkədəki acınacaqlı durum gəlmişdi. Görün bu sistem insanları 5-10 manat pul qazanmaq üçün hansı mundar yollara əl atmağa məcbur edir. O polis bir neçə dəqiqə əvvəl mənə demişdi ki, ay Mehman biz bilmirik axşam uşağımıza pampersi necə, hansı pul ilə alacağıq. Vaxt keçir o polis üzümə durur, üzümə durur ki, o aylıq aldığı 500 manat maaş ona çatsın, ailəsini dolandırsın. Mən onun üzünə dedim, dedim ki mən sənin yerində olsaydım, mənimlə 1 tikə bölüşən adamın məcbur da olsa heç vaxt üzünə durmazdım, işdən çıxardım, amma bu vicdansızlığa əl atmazdım. Polis bu sözlərdən sonra özü də ağladı, məhkəmədə bunu hamı gördü. Axırda isə mənə, başa düş 500 manata görə mən bunu etməyə məcbur oldum deyib, utanaraq məhkəmədən çıxdı. Bax mən o səhnəni canlı görə-görə dözmədim”- M.Hüseynov yazıb.
Qeyd edək ki, Mehman Hüseynov inzibati xətalar məcəlləsinin 535.1 (polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onun qanuni tələblərinə qəsdən tabe olmama) maddəsiylə ittiham olunub. Hakim Babək Pənahpvun qərarı ilə bloqqer 200 manat məbləğində cərimələnib.