Türkiyə müxalifətinin 2 milyonluq tarixi ‘Ədalət’ mitinqi [Fotolar]

0

Türkiyədə ana müxalifət partiyası CHP-nin lideri Kemal Kılıçdaroğlu 15 iyunda başlatdığı “Ədalət” yürüşünü 9 iyunda İstanbulun Maltepe bölgəsində böyük mitinqlə yekunlaşdırıb.  

Abzas.net xəbər verir ki, mitinqdə çıxış edən Kılıçdaoroğlu 9 iyulun yeni bir tarix, yeni bir başlanğıc olduğunu deyib. CHP lideri dünyada ən sülhsevər yürüşünü həyata keçirdiklərini və mütləq ölkəyə demokratiya gətirəcəklərini bildirib:

“Tək adam rejiminə qarşı çıxdığımız üçün yeridik”

“İctimai vəzifələrdən çıxarılanlar, uşaqlar, kəndlilər, həbsdəki hərbçi tələbələr, zabitlər, əsgərlər üçün yürüş etdik. Linç edilən əsgərlər üçün yeridik. Tək adam rejiminə qarşı çıxdığımız üçün yeridik, FETÖ-yə qarşı olduğumuz üçün yeridik. 20 iyul çevrilişinə qarşı olduğumuz üçün yürüş etdik”.

İyulun 8-də İstanbula çatan Kemal Kılıçdaroğlu mitinq keçirilən meydanın 3 kilometrliyində gecələyib, iyulun 9-da mitinq keçirilən yerə tək yeriyəcəyini əvvəldən bildirsə də, millət vəkilləri, dəstəkçiləri onu tək buraxmayıb, insanların əhatəsində meydana gəlib.

CHP lideri bildirib ki, bir ölkədə parlamentin səlahiyyətləri əlindən alınıbsa, məhkəmələr siyasi hakimiyyətin nəzarətinə keçibsə, ədalət küçədə axtarılacaq:

“Biz sona qədər haqq, hüquq, ədalət deyəcəyik. Bizə deyirlər ki, niyə ədaləti küçədə axtarırsınız?! 15 iyulda hərbi çevriliş cəhdinin qarşısını xalq küçələrdə, meydanlarda aldı. Bu xalq da küçələrə, meydanlara axışmaqla bu ölkəyə ədalət gətirəcək.

“Biz bu ölkəyə ədaləti gətirəcəyik”

Keçən il 15 iyul hərbi çevriliş cəhdindən istifadə edərək 20 iyulda hakimiyyət mülki çevriliş edərək, parlamentin səlahiyyətlərini mənimsədi. Fövqəladə vəziyyət elan edilərək ölkə parlamentin qəbul etdiyi qanunlarla yox, qanun hökmündə qərarlarla idarə olunmağa başlandı. Biz bu ölkəyə ədaləti gətirəcəyik”.

Müxalifət lideri deyib ki, bəzilər elə bilirdi bu yürüşü bacarmayacaqlar, kampaniya uğursuz olacaq, amma onlar dünyanın ən dinc yürüşünü, etirazını reallaşdırdılar.

“Bir sualın cavabını da icazənizlə vermək istəyirəm. Biz olmayan ədalət üçün, məzlumların haqqı, həbsdəki millət vəkilləri, jurnalistlər üçün bu etiraz yürüşünü keçirdik”

Kılıçdaroğlu bildirib ki, 15 iyul hərbi çevriliş cəhdi ilə bağlı araşdırmalardan vicdanlı, ədalətli prokurorlar kənarlaşdırılıb. O, deyib ki, siyasi hakimiyyətdən, prokurorlardan təlimat alanlar prokuror, hakim deyil. Belələri Türkiyə Cümhuriyyətinin təməlinə dinamit qoyurlar. Hakimlər qərar vermişdilər ki, millət vəkilləri mühakimə oluna bilər, ancaq həbs edilə bilməz:

“Türkiyənin gələcəyi üçün ümidliyik”

“Konstitusiya Məhkəməsinin hakimlərini ədalətin tərəfdarı olmağa çağırıram, qorxmayın. Siyasi hakimiyyətdən qorxmayın, sabah övladlarınızın, nəvələrinizin üzünə baxa bilməyəcəksiniz. Deyirdilər ki, mən 450 km piyada gedə bilməyəcəm, 50-60 km gedəndən sonra dayanacam. Mən dayanmadım, 80 milyon üçün bu yürüşü sona çatdırdım. Biz ədalətli Türkiyə quracağımızı bütün dünyaya çatdırdıq. Artıq hər birimiz Türkiyənin gələcəyi üçün ümidliyik. Biz bir tarix, bir dastan yazdıq. Bu tarixi hamınız yazdınız. Hər birinizə, 80 milyona hörmətimi, salamımı göndərirəm.

“Söz azadlığı, jurnalistlərin həbsə atılmamasını istəyirik”

Biz tələb edirik ki, fövqəladə vəziyyət rejimi ləğv edilsin. Məhkəmələr və ordu siyasətə alət edilməsin. Söz azadlığı, jurnalistlərin həbsə atılmamasını istəyirik. Universitetləri bağlanan yox, hər zaman açıq olan universitetlər tələb edirik. Millətin seçdiyi millət vəkillərinin həbsini yox, parlamentdə fəaliyyət göstərməsini istəyirik. FETÖ ilə formal mübarizə aparılmasını yox, gerçək mübarizə aparılmasını, siyasi qanadının üzə çıxarılmasını istəyirik. Gənclərə hörmətlə yanaşılmasını vacibdir. Biz yüz minlər, milyonlar hər kəs üçün ədalət istəyirik”.

Türkiyənin və dünyanın gündəmi

Türkiyənin dörd bir yanından yüz minlərlə insan mitinqdə iştirak etmək üçün İstanbula gəlib. CHP rəsmilərinin məlumatına görə mitinqdə 2 milyondan çox türkiyəli iştirak edib, İstanbul polisinin elan etdiyi rəqəm isə 1.6 milyon olub.

Türkiyə mətbuatının məlumatına görə, mitinq dünya gündəmində də ciddi yer alıb. Yürüş sosial şəbəkələrdə də geniş müzakirə olunub. Twitter-də #AdaletMitingi haştaqı ilə yayılan paylaşımlar mitinqi dünya gündəminə gətirib. İyunun 9-da bu haştaq Twitter Türkiyə və dünya TT siyahısında 1-ci yeri tutub.

Xatırlatma

15 iyunda CHP lideri Kılıçdaroğlu partiyasının millət vəkili Enis Berberoğlunun “MİT tırları” işinə görə casusluqda ittiham edilərək 25 il həbsdən azad edilməsindən sonra Erdoğan hakimiyyətinin qanunsuzluqların, hüquqsuzluqlarına etiraz olaraq Ankaradan İstanbula yürüş edəcəyini açıqlayıb.

Müxalifət lideri bu yürüşü son dövrlər Türkiyədə artan ədalətsizlik, məhkəmə sisteminin müstəqilliyinin itirməsi, fövqəladə hal rejiminin davam etməsi, kütləvi işdən çıxarılmalar və həbslərə etiraz olaraq başlatdığını bildirib.

Yürüş 25 gün davam edib və bu müddət ərzində Kemal Kılıçdaroğlu 430 kilometr məsafə qət edib. Bu müddət ərzində onun yürüşünə yüz minlərlə insan qoşulub. Yürüş ərəfəsində müxtəlif şəhərlərdə ona dəstəyini ifadə edənlər də, ona etiraz edənlər də olub.