Əlildən video müraciət: ‘Özbaşınalıq baş alıb gedir, siz hara baxırsız, İlham Əliyev?’

0

Cəlilabad rayon sakini əlillik dərəcəsinin qanunsuz şəkildə kəsildiyinə görə prezidenti İlham Əliyevə və birinci vitse-prezident Mehriban Əliyevaya video müraciət ünvanlayıb.

Abzas.net xəbər verir ki, 2013-cü ildə Nuriyev Faba Ovezoviç oğlu maşın qəzası nəticəsində əlil olub. Şikayətçinin sözlərinə görə, o, həmin vaxtdan həm sağlamlığımı, həm də iş qabiliyyətimi itirib.

Faba Nuriyev bildirir ki, həm Bakıda, həm də rayonda müxtəlif xəstəxanalarda müalicə olunsa da, bu günə kimi müalicənin heç bir xeyri olmayıb və hazırda yataq xəstəsidir.

“2016-cı ilin fevralın 3-dən mənə II qrup əlillik dərəcəsi verilib. Bundan sonra səhhətimdə ciddi ağırlaşma olduğu üçün 2017-ci ilin martın 17-də qeydiyyatda olduğum Cəlilabad rayon Mərkəzi xəstəxanasında həkim müayinəsindən keçdim və elektron formada müraciət göndərdim. Bundan sonra mənə məktub gəldi ki, 2-ci qrup əlillik dərəcəm kəsilərək III qrupla əvəz edilir. Axı mənim nə günahım var ki, qanuni II qrup əlillik dərəcəm kəsilərək III qrupla əvəz edilir?”

“Həqiqi əlillik dərəcəmi bərpa etməkdən, ümumiyyətlə ləğv etdilər”

Şikayətçi bildirir ki, baş verən özbaşınalıqlarla bağlı dəfələrlə prezidentə, Mehriban Əliyevaya, Nazirlər Kabnetinə və Milli Məclisin deputatı Hadi Rəcəbliyə müraciət edib. Müraciətləri baxılması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilsə də, bu günə qədər heç bir nəticə olmayıb.

“Hətta Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində əlillərin sosial məsələlər üzrə şöbəsinin müdiri Saday müəllimin qəbulunda oldum. Saday müəllim mənə bildirdi ki, avqust ayında təkrar müraciət edərsən. Mən də avqust ayının 2-də təkrar müraciət etdim. Avqust ayının 4-də mənə cavab gəldi ki, güya ki, əlil olmadığımı əsas gətirərək mənim əlillik dərəcəm tamamilə kəsilib”.

Əlil video müraciətində birbaşa prezidentə və vitse-prezidentə müraciət edərək sual edir ki, ölkədə özbaşınalıqlar baş alıb gedir.

“Bu özbaşınalıqlara nə vaxt son qoyacaqsınız?!”

“Cənab prezident, siz hara baxırsınız, bu özbaşınalıqlara nə vaxt son qoyacaqsınız?! Sizdən xahiş edirəm, mənim səsimə səs verin! Mənim heç kimim yoxdur, özüm yataq xəstəsiyəm, bir anam var, o da xəstədir. Övladımın 7 yaşı var, məktəbə gedəcək. Mən onun məktəb ləvazimatlarını nə ilə alım? Əgər məscidimizin dindarları olmasa biz acından ölərik. Dövlətimizin heç bir qayğısını görmürük. Yenə sağolsunlar ki, bu insanlar bizim ailəmizə yardım edirlər”.

Şikayətdi deyir ki, o, əllilklə bağlı dövlət komisiyalarından keçib, əlində kifayət qədər sənəd var və yenidən komisiyadan keçməyə hazırdı. Prezidentdən artıq dərəcədə xahiş edir ki, Azərbaycanda olan məmur özbaşınalıqlarına son qoysun və onları bu talançı məmurlardan xilas etsin.