“Ölkəmi layiqincə təmsil etməyimə əngəl olan şəxslərə görə Azərbaycanı tərk etdim”

0

Londonda keçirilən dünya çempionatında, Türkiyə yığmasının heyətində 200 metr qaçış üzrə dünya birinciliyini qazanan Ramil Quliyev vətəni Azərbaycanı konkret şəxslərə görə tərk etdiyini bildirib.

Abzas.net xəbər verir ki, bu barədə 27 yaşlı sprinter “TASS” agentliyinə müsahibəsində bildirib.

“Mənim öz vətənim olan Azərbaycandan heç bir incikliyim yoxdur. Ümumiyyətlə niyə belə bir şey olmalıdır ki? Mənim xeyrimi istəməyən, mənə əngəl olan bəzi idarəedicilər var idi, və məhz onlara görə də mən ölkəni tərk etdim. Onlar, mənim yarışlara hazırlaşmağım üçün lazım olan şəraiti yaratmırdılar və mənim Azərbaycanı beynəlxalq arenada layiqincə təmsil etməyimdə maraqlı deyildilər” – deyə, Quliyev ölkədən gedişinin səbəbini açıqlayıb.

Ramil Quliyev həmçinin rusiyalı atletlərin yarışdan kənarda qalmasına da münasibət bildirib:

“Mən bir çox rusiyalı idmançı ilə tanışam, hətta burda Mariya Lasickina və Sergey Şubenkov-la söhbətləşmək imkanım da olub. Əlbəttə, çox belə bir vəziyyətin yarandığına təəssüflənirəm, atletlərə görə çox üzülürəm, mən özüm də yığmanı dəyişdirəndə 3 il turnirlərdən kənar qalmalı oldum, ona görə də rusiyalı həmkarlarımın hisslərini başa düşürəm. Çox istərdim ki, onıar hamısı yarışlarda iştirak etsinlər, lakin onlar çox ağır bir durumdadırlar, bu siyasətdir. Mən arzulayıram ki, Rusiya yığması ən yaxın zamanda beynəlxalq yarışlara qayıtsın”.