Prokuror Akif Çovdarova 15 il həbs cəzası istəyib

0

MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin rəisi olmuş general Akif Çovdarov və onun tabeliyində işləmiş üç nəfərin – Akif Əliyev, Səlim Məmmədov və Orxan Osmanovun məhkəməsi yekunlaşır.

Bu iş üzrə oktyabrdan davam edən prosesdə məhkəmə istintaqı yekunlaşıb. Avqustun 16-da keçirilən iclasda prokuror çıxış edərək, təqsirləndirilən şəxslərə cəza istəyib.

Təqsirləndirilən şəxslərə qarşı ittihamların məhkəmədə də sübuta yetirildiyini deyən prokuror Akif Çovdarovun 15 il, Səlim Məmmədovun 12 il, Orxan Osmanov və Akif Əliyevin hər birinin isə 9 il azadlıqdan məhrum edilməsini təklif edib. Prokuror Akif Əliyev və Orxan Osmanova münasibətdə CM-nin 62-ci (cinayətə görə müəyyən olunmuş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiqini təklif edib.

Prokuror, həmçinin, Akif Çovdarovun general-mayor, Akif Əliyev və Səlim Məmmədovun polkovnik rütbələrinin alınmasını və Dövlət Təhlükəsizlik Xidmətinin təqsirləndirilən şəxslərə qarşı 3 milyon manatlıq mülki iddiasının da təmin olunmasını istəyib.

Məhkəmə avqustun 21-də vəkillərin müdafiə çıxışı ilə davam edəcək.

Xatırlatma

Akif Çovdarov 2015-ci il noyabrın 15-də həbs olunub. Baş Prokurorluğun o vaxt yaydığı məlumatda ləğv edilən MTN-in 21 keçmiş əməkdaşının cinayət məsuliyyətinə cəlb edildiyi bildirilib. Hazırda 19 nəfər həbsdədir.

A.Çovdarova və onunla birgə hakim önünə çıxarılanlara Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə və ya israf etmə), 145-ci (qanunsuz azadlıqdan məhrumetmə), 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311-ci (rüşvətalma) və daha bir neçə ağır maddəsi ilə ittiham irəli sürülüb.

2015-ci ilin oktyabrında milli təhlükəsizlik naziri Eldar Mahmudov işdən çıxarılıb. İki ay sonra həmin nazirlik ləğv edilib, onun bazasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb.