Natiq Cəfərli: “Azərbaycan hökuməti dövlətin üzərindən bu siyasi məhbus ayıbını birdəfəlik atmalıdır”

0
Natiq Cəfərli

“İlqar Məmmədovla bağlı məsələ həll olunacaqsa, düşünürəm ki, digər siyasi məhbuslarla da bağlı məsələnin pozitiv həll olunması ehtimalı var”.

Strasburqda Avropa Şurası Nazirlər Komitəsinin oktyabrın 25-də qəbul etdiyi qərarda Azərbaycana xəbərdarlıq edilib ki, rəsmi Bakı Avropa Konvensiyası ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsə, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət ediləcək. Məsələ Avropa İnsan Hüquqları Məhkəməsinin REAL hərəkatının lideri İlqar Məmmədovla bağlı qərarına əməl edilməməsi, Azərbaycanın məhkəmənin qərarını icra etməməsi ilə bağlıdır. Beynəlxalq qurumlar İlqar Məmmədovun dərhal azad edilməsinə çağırır. REAL hərəkatının icraçı direktoru Natiq Cəfərli Amerikanın Səsininə müsahibədə Avropa Şurası Nazirlər Komitəsinin qəbul etdiyi qərara münasibət bildirib. O, Azərbaycan hökumətinin İlqar Məmmədovun azad edilməsi istiqamətində addımlar atacağını gözlədiyini deyib.

“Əslində, mən düşünürəm ki, nə Azərbaycan cəmiyyətinə, nə Azərbaycan dövlətinə Azərbaycanın Avropa Şurasından çıxması və yaxud da hər hansı formada Avropa Şurasından kənarda qalması heç kimə sərf eləmir. Azərbaycan hökuməti də nəhayət bunu düşünməlidir ki, çünki Azərbaycanın digər problemləri də var, işğal faktoru da var və Avropa Şurasında zaman-zaman müxtəlif məsələlər müzakirə olunur regionla bağlı, Azərbaycanın işğal edilmiş torpaqları ilə bağlı və Azərbaycanın bu qurumdan kənarda qalması rəsmi Bakıya da sərf eləmir. Yəni mənə elə gəlir ki, məntiqlə düşünəndə, normalda sərf etməməlidir. Və mən ümid edirəm ki, ən azından dekabr ayının əvvəlinə qədər, xeyli vaxt var hələ, bir ay yarıma qədər vaxt var, bu vaxt kəsimində Azərbaycan hökuməti doğru olan edəcək və Azərbaycanın bu mötəbər qurumdan kənarda qalmasına yol verməmək üçün İlqar Məmmədovla bağlı hər hansı bir addımın atılmasına qərar verəcək.”

Natiq Cəfərli Azərbaycanın Avropa Şurası ilə münasibətləri və Azərbaycanda siyasi məhbus problemi ilə bağlı fikirlərini bölüşüb..

“Azərbaycan hökuməti Avropa strukturlarından, beynəlxalq strukturlardan çox böyük xeyir görüb bu günə qədər və sadəcə olaraq hər hansı bir formada Azərbaycanda olan qanunsuzluqlara, ədalətsizliklərə, insan haqlarının pozulmasına, siyasi həbslərə qarşı etiraza çox aqressiv reaksiya doğurur Azərbaycan tərəfindən. Bu, doğru yanaşma deyil. Əslində, bu səbəblərin aradan qaldırılması üçün atılmalı olan addımlar tək İlqar Məmmədovla bağlı deyil. Əslində, İlqar Məmmədov həm də bir simvolik fiqurdur. İlqar Məmmədovla bağlı məsələ həll olunacaqsa, düşünürəm ki, digər siyasi məhbuslarla da bağlı məsələnin pozitiv həll olunması ehtimalı var. Və ümumiyyətlə, Azərbaycan hökuməti öz üzərindən və dövlətin üzərindən bu siyasi məhbus ayıbını birdəfəlik atmalıdır. Yəni nə Azərbaycana qarşı özlərinin dediyi kimi, təzyiq vasitəsinə çevrilməyini istəmirlərsə, bir daha təkrar edirəm, bunu, bu arqumenti özləri tez-tez təkrar edir rəsmi dairələr ki, bizə qarşı təzyiq vasitəsidir. Tamam. Təzyiq vasitəsi kimi olmasını istəmirlərsə, birdəfəlik bu məsələyə son qoyulmalı və Azərbaycanda siyasi məhbus ayıbından birdəfəlik qurtulmaq lazımdır. Amma bir daha təkrar edirəm, Azərbaycan dövləti və hökuməti Avropa qurumları ilə, Avropa Şurası olsun, Avropa Birliyi olsun, ATƏT olsun, fərq etməz, bu günə qədər əməkdaşlıqdan yalnız ciddi xeyir görüb.”