Azərbaycan hakimiyyəti Fransa məhkəməsində jurnalistlərə uduzdu

0

Azərbaycan hakimiyyətini “diktatura” adlandıran jurnalistlərə qarşı Bakının qaldırdığı iddianı Fransa məhkəməsi rədd edib.

Azərbaycan hökuməti Elise Lucet və Laurent Richard adlı iki televiziya əməkdaşını böhtançılıqda ittiham edirdi. Vurulmuş zərərə görə 1 avro simvolik cərimə, o cümlədən Fransanın müvafiq orqanlarının bu telekanala yayım qadağası tətbiq etməsini, ya da 12 min avro cərimələnməsini tələb edirdi.

2015-ci ilin sentyabrında “Frans 2” televiziyası ilə yayımlanan araşdırma proqramında Lucet Azərbaycanda dünyanın ən qəddar diktatorlarından birinin hökm sürdüyünü deyib. Richard isə “France Info” radiosuna müsahibəsində Azərbaycana diktatura deyib.

Elise Lucet

Bu müsahibədən əvvəl 2014-ci ilin mayında Richard və onun operatoru Fransanın o zamankı prezidenti Holande-ın Azərbaycana səfəri zamanı Bakıya gəliblər. Onlar Azərbaycanın “kürü diplomatiyası”, rəsmi Bakının fransız deputatlarla əlaqələri barədə araşdırma aparıblar. Amma jurnalistlər Bakıdan çıxan zaman qısa müddətə saxlanılıb və polis onların kameralarının yaddaş kartını silib.

Jurnalist Laurent Richard Azadlıq Radiosu-na bunları deyib:

“Bu gün çox yaxşı gündür. Bu gün artıq biz rəsmi qaydada Azərbaycana diktatura deyə bilərik və rəsmi qaydada təsdiqləndi ki, Azərbaycan öz senzurasını xaricə tətbiq edə bilməz. Bu çox yaxşı qərardır. Ümid edirik ki, bu cür senzura cəhdləri bir neçə jurnalisti həbsdə olan ölkənin daxilində də keçərli olmayacaq. Bu qərar Azərbaycan hökumətinə çox güclü bir siqnal oldu ki, ölkənin daxilində tətbiq etdikləri senzuranı ölkədən kənarda da keçirə bilməzlər və Azərbaycan xalqı xəbərdar olmalıdır ki, Fransa kimi demokratik ölkələrdə Azərbaycana diktatura demək mümkündür”.

“Sərhədsiz Reportyorlar” təşkilatının 2017-ci il Mətbuat Azadlığı indeksinə görə, Azərbaycan 180 ölkə arasında 162-ci yerdədir. “Sərhədsiz Reportyorlar”, həmçinin, Azərbaycan prezidenti İlham Əliyevi özünün “mətbuat azadlığının düşmənləri” siyahısına salıb.

Azərbaycan rəsmiləri ölkədə söz və mətbuat azadlığının vəziyyətinə görə bütün tənqidləri rədd edir. Prezident İlham Əliyev özü dəfələrlə ictimai çıxışlarında Azərbaycanda media azadlığının tam təmin olunduğunu deyib. Rəsmilər beynəlxalq təşkilatların bu yöndə tənqidlərini Bakıya qarşı hansısa qüvvələrin təzyiq cəhdi adlandırırlar.