Azərbaycanı “Eurovision-2018”-də təmsil edəcək ifaçı bəlli olub

0

Azərbaycanı “Eurovision-2018” mahnı müsabiqəsində təmsil edəcək ifaçı müəyyənləşib.

Bu barədə İctimai Televiziya və Radio Yayımları Şirkəti məlumat verib.

Bu gün münsiflər heyətinin iclasının keçirildiyi qeyd olunub.

Toplantıda ölkəmizi builki yarışmada təmsil edəcək iştirakçının adı müəyyənləşib. Bu, Aysel Məmmədovadır.

Aysel Məmmədova 1989-cu ildə Bakı şəhərində anadan olub. Musiqiçi ailəsində dünyaya gələn Aysel 1995-2006-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində təhsil alıb, 2010-cu ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. Aysel “Caspian Jazz & Blues Festival” (2002), Bakı Beynəlxalq Caz Festivalı (2005/2006), “MuzEnergo Festival of Music İmprovisation” (2007), Montro Caz Festivalı (2009) Emil İbrahimin musiqi qrupunun müşayiəti ilə, Qafqaz Caz Festivalı (2012) və “Jara-2017” festivalı kimi beynəlxalq musiqi festivallarının iştirakçısı olub.

A. Məmmədova 2013-cü ildə tanınmış musiqiçilər Aleksandr Coppaloni, 2015-ci ildə isə Debora Karterdən dərslər alıb. Eyni zamanda Rusiya, Gürcüstan, Türkiyə, Ukrayna, İsrail, İsveçrə, Niderland və İtaliyada keçirilən musiqi tədbirlərində iştirak edib.

A. Məmmədova pianoçu, vokalist və bəstəkardır.