Sürücülər yol polisinin özbaşınalığına etiraz edirlər

0

Sifarişlə sərnişin daşıma ilə məşğul olan 50-dən çox sahibkar və sürücü dekabrın 11-də etiraz aksiyası keçirib.
Aksiya iştirakçılarının sözlərinə görə, son vaxtlar Bakı Şəhər Yol Polisi İdarəsinin əməkdaşları səbəb olmadan sürücülərin fəaliyyətinə maneçilik törədirlər. “Gah şüşələrin tünd rəngdə olmasını, gah sərnişinlər üçün oturacaq yerlərinin sayının düz göstərilməməsini bəhanə edərək maşınları saxlayırlar, sənədləri alırlar. Bakı Şəhər Yol Polisi İdarəsində 14 saylı otağa göndərirlər. Həmin otaqda 150 manat ödəniş etdirirlər, əvəzində hər hansı protokol və ya sənəd vermirlər. Elə bil ki, 3-4 yol polisi əməkdaşı bu məsələ üçün ayrılıb. Onlar həmin otaqda olub-olmadığımız ilə maraqlanırlar. Cavab müsbət olsa buraxırlar, müsbət olmasa saxlayır, avtomobilin sənədlərini alır, 150 manat pul ödətdirirlər, sonra sənədləri qaytarırlar. Ancaq hər hansı bir sənəd vermirlər ki, bütün bunların baş verməsinin səbəblərini bilək”, – sürücülərdən biri bildirib.

Onun sözlərinə görə, son 2-3 gündə 10-a yaxın sürücüdən bu şəkildə pul alınıb, amma sənəd verilməyib, ya da maşını cərimə meydançasına aparılıb.

Sürücülər bu özbaşınalığa son qoyulması üçün Bakı Şəhər Yol Polisi İdarəsinin qarşısına toplaşıblar. Saat 15:00-da rəhbərliklə görüşəcəklər.

Deyilənlərlə bağlı Bakı Şəhər Yol Polisi İdarəsindən şərh almaq mümkün olmayıb.