Facebook məhdudiyyətlər qoyacaq

0

Facebook sosial şəbəkəsində postlar, video və fotoların paylaşımında dəyişiklik edilib.

Şəbəkədən yanvarın 11-də verilən məlumata görə, 2 milyarddan çox istifadəçi artıq ilk növbədə dostları və ailə üzvlərinin paylaşdıqlarını görəcək, brend və nəşrlərin postları ikinci dərəcəli sayılır.

Məlumatı AzadliqRadiosu “The New York Times” qəzetinə istinadən yayıb.

Bildirilir ki, dəyişiklik Facebook-un xəbər lentində son illər edilən ən böyük yenilik sayılır:

“Növbəti bir neçə həftə ərzində isifadəçilər media şirkətlərindən gələn video və məqalələri daha az görəcəklər. Əvəzində Facebook-da dostlarınızın postları önə çıxacaq – məsələn, itinizin fotosunu, yaxud dostlarınızın daha çox şərh yazdığı, yaxud bəyəndiklərini görəcəksiniz”.

İstifadəçilərin vaxtını yaxşı keçirməsini istəyirik

Facebook-un rəhbəri Mark Zuckerberg deyib ki, məqsəd adamların bu sosial şəbəkədə ünsiyyətini “mənalı” etməkdir:

“Facebook istifadəçiləri ən çox sarsıdan, yaxud ziyan vuran postları yaxından araşdırıb. Biz “passiv kontenti” azaltmağa çalışırıq, yəni belə video və məqalələr istifadəçilərin daha çox oturub oxuması, baxması üçündür, nəinki ünsiyyət qurması. İstifadəçilərin vaxtını yaxşı keçirməsini istəyirik”.

“The New York Times” Facebook-un xəbər lentinə dəyişikliklərinin təsirinin böyük olacağını yazır.

“Axı, bir çox nəşrlər, qeyri-hökumət təşkilatları, kiçik şirkətlər adamlarla bu sosial şəbəkə vasitəsiylə ünsiyyət qururlar. İndi postlarının prioritetinin salınması onlara ziyan vura bilər”.

Facebook-da xəbər lentinə məsul Adam Mosseri də etiraf edib ki, tərəfdaşlar və naşirlərin “narahatlığı” gözləniləndir. Onlar elə əvvəllərdə də sosial şəbəkədəki daimi dəyişikliklərdən gileylənirdilər.

Bu dəyişiklik Facebook-un özünün də biznes maraqlarının əleyhinə işləyə bilər. İndiyədək sosial şəbəkə istifadəçilərin burada çox vaxt keçirməsinə çalışırdı. İndi isə populyar kontentin miqyası azalacaq deyə, adamlar da vaxtlarını başqa cür keçirməyə başlayacaqlar.