Natiq Cəfərli: “Hökumət yenə ‘havalara girib’, növbəti lazımsız peyk buraxır”

0

Azərbaycan hökuməti peykə daha bir buraxacağı, Qəbələ və Şahdağa dəmir yolu xətti çəkiləcəyi ilə bağlı rəsmi məlumat açıqladı. 

İqtisadçı-ekspert Natiq Cavadlı bu məsələ ilə bağlı fikirlərini açıqlayıb. Ekspert bildirir ki, hakimiyyətin yenidən belə böyük maliyyə tələb edən işlərə hazırlaşması neftin qiymətinin qalxması ilə bağlıdır.

“Azərbaycan hökuməti yenə “havalara girib”, növbəti lazımsız peyk buraxır, Qəbələyə, Qusara dəmir yolu xətti çəkir – bu layihələrin nə hesablaması var, nə iqtisadi pasportu, nə səmərəlilik göstəriciləri, sadəcə neft qalxdı, həmən də hökumətin meqa layihələr iştahı fontan vurdu”, – deyə, N.Cəfərli qeyd edib.

İqtisadçı bildirib ki, bu tip çox maliyyə tələb edən layihələrdənsə, həmin rayonlara olan avtomobil yollarını düzəltsələr daha səmərəli olar:

“Pul qazanmaq, pul silmək istəyirlərsə, bunu məntiqli şəkildə etsinlər”

“Qəbələyə avtomobil ilə cəmi 2,5 saata getmək mümkündür, Şamaxıya qədər yol artıq sürətli və yaxşıdır, əsas problem Şamaxıdan İsmayıllıya qədər olan yoldur, qışda yol buz bağlayır, ensizdir, sürət həddi çox aşağıdır. Mənasız dəmir yolu çəkməkdənsə həmin yolu genişləndirmək, bəzi hissələrdə asma körpülər tikmək daha məntiqlidir. Pul silmək, pul qazanmaq istəyirlərsə, heç olmasa, məntiqli və lazımlı layihələrdə bu işi etsinlər. Dəmir yolu ilə Qəbələyə qatar Bakıdan, ən yaxşı halda, 5-6 saata gedəcək.

Qusara yol maşınla cəmi 183 km-dır, maşınla 2 saat 10 dəqiqəyə getmək mümkündür, yolun böyük bir hissəsi sürətlidir, düzdür zay çəkilib, tez-tez təmir olunur, amma bu problemləri həll etmək olar. Dəmir Yoluna əlavə vəsait xərcləməkdənsə, yolu abra salmaq daha məntiqlidir. Qatarla Bakıdan Qusara, ən yaxşı halda, 4 saata çatmaq mümkün olacaq.
Yeri gəlmişkən, Azərbaycan kimi ərazisi kiçik ölkələrdə sürət qatarları ideyası məntiqli və rentabelli deyil. Yəni, hətta gələcəkdə bu istiqamətlərdə sürət qatarları üçün yollar çəkilsə belə, bunun heç bir iqtisadi səmərəsi olmayacaq”.

“Yola xərclənən pul birbaşa gəlir gətirmir”

Natiq Cəfərli yola sərf olunan pulun birbaşa gəlir gətirmədiyini, lakin dolayı yolnan büdcəyə xeyir verdiyini bildirib:

“Yol infrastrukturuna qoyulan investisiya birbaşa gəlir gətirmir, bu mümkün deyil, sadəcə normal ölkələrdə yola qoyulan vəsait iqtisadiyyatda mal-xidmət dövriyyəsini, iqtisadi münasibətlərin keyfiyyətini və sürətini artırır, bu da fiziki və hüquqi şəxslərin daha çox qazanc əldə etməyinə və sonradan artan qazancdan daha çox vergi verməklə büdcə gəlirlərinin artmasına səbəb olur. Qısası, lap əla, şüşə kimi yol çəkib inhisarçılığı və korrupsiyanı saxlasan, o yolların bir qəpik büdcəyə xeyri olmur-olmayacaq”.

“Yaxın aylarında neftin qiyməti yenidən düşəcək”

Natiq Cəfərlinin sözlərinə görə, neftin qiymət artımı aldadıcıdır və konkret səbəbləri var:

“Bu bazarı 12 ildir diqqətlə izləyən biri kimi deyə bilərəm ki, neft bazarında “kəfkir qanunu” (закон маятника) işə düşüb. Sırf siyasi səbəblərdən, sözlü müdaxilələrdən doğan qiymət artımı yaxın aylarda geri dönəcək, neft qiymətlərində ciddi korreksiya olacaq. Bu da neftn qiyməti artan kimi iştaha gələn ölkələrə daha ciddi zərbə vuracaq, yəni, iqtisadiyyat yuxarı neft qiymətlərinə öyrəşməyə başlayan kimi qiymələrin enməsi çox böyük zərbəyə çevrilir, neftdən asılı ölkələri daha ciddi silkələyir. Məncə, bu gün neft bazarında məhz belə bir şərait yaranıb, yaxın aylarda qiymətlərin yenidən 50-55 dollarlara qədər çəkilməsini görəcəyik”.