Nicat Nəzərov: “Vergilər Nazirliyi Azərbaycanda repressiya vasitəsinə çevrildi”

0

2017-ci ildə bir sıra mətbu orqan vergi cinayəti bəhanəsilə bağlandı, bəzilərinin rəhbərləri həbs olundu. İlin sonuna yaxın Mikayıl Cabbarov vergilər naziri postuna gətirildi.

“Vergi Ödəyicilərinin Hüquqlarının Müdafiəsi” Cəmiyyətinin rəhbəri Nicat Nəzərov Vergilər Nazirliyi ətrafında baş verən bu və digər hadisələrlə bağlı Abzas.net-ə müsahibə verib.

Müsahibəni təqdim edirik.

– Nicat bəy, sizcə, vergilər nazirinin dəyişdirilməsi vergi sahəsində hökumətin yeni islahatlara başlaması sayıla bilərmi?

– Növbəti il prezident seçkiləri ilidir və hökumətin son kadr dəyişikliklərinə başlaması, bu dəyişikliklərin davamlı olması gözləniləndir. Ümumiyyətlə, fəaliyyətimiz dövründə həmişə vergi sistemindəki çatışmazlıqları tənqid etmişik. Son 10 ildə elektron hökumətə keçid baş verdi ki, bu, əlbəttə, normal prosesdir. Lakin maddi-texniki bazanın yenilənməsi və texnoloji yeniliklər qismən və birtərfli islahatlar sayıla bilər – yəni hökumət yalnız vergilərin toplanması üçün müəyyən addımar atıb. Lakin əsl islahat kadrlardan başlayır. Ölkəni tərk edən sahibkarlara qarşı qanunsuz basqılara son qoyulmalı və rüşvət yığışdırılmalıdır. Fikrimcə, əsas islahat vergi ödəyiciləri üçün münbit şəraitin yaradılmasıdır. Azərbaycanda davamlı iqtisadiyyat olmadıqca, normal vergi ödənişlərindən söhbət gedə bilməz. Düşünürəm ki, yeni nazir işə yeni komandanı cəlb etməklə başlayacaq.

– 2017-ci ildə Vergilər Nazirliyinin adı bir sıra vergi cinayətlərində hallandı. Yəni, bəzi siyasi fəallar, jurnalistlər vergidən yayınma maddələri ilə həbs olundular. Bu haqda nə deyə bilərsiniz?

Azərbaycanda bu proses təqribən beş ildən çoxdur başlayıb. Bu tipli həbslər ictimaiyyətə əvvəllər ənənəvi olaraq polisə tabe olmama və narkotik ittihamları kimi təqdim edilirdisə, sonralar bu cür ittihamların artıq “ağını çıxardıqlarını” dərk etdilər və yeni motiv seçildi. Təbii ki, bu həbslərin gülünc və sifarişli olması cəmiyyət və hüquq müdafiəçiləri tərəfindən birmənalı qarşılanmırdı. Bu tipli sifarişli həbslər çoxaldıqca hökumət tutma motivini dəyişmək məcburiyyətində qaldı. Azərbaycanda istintaq və həbs etmək üçün səlahiyyətli qurumların çoxunun limiti dolduğundan Vergilər Nazirliyi bu işə qoşuldu. Vergilər Nazirliyi Azərbaycanda repressiya vasitəsinə çevrildi. Demək olar ki, 2017 ci ildə məhz vergi cinayətləri departamenti səs-küylu həbslər həyata keçirdi. Əvəzində siyasi fəallar, bloggerlər, jurnalistlərə qarşı vergi cinayəti ittihamları işə düşdü. Bu motivlə həbs edilənlər artıq xeyli saydadır. Hüquq Maarifçiliyi Cəmiyyəti tərəfindən hazırlanmış siyasi məhbusların siyhısında ittihamların xeyli hissəsi məhz vergidən yayınma və qanunsuz biznes fəaliyyətilə bağlıdır.

– Bu həbslərin ilkin istintaqını niyə məhz Vergilər Nazirliyi aparır?

– Vergi sistemində müstəqil istintaq aparan qurum keçmiş prezident H.Əliyev tərəfindən yaradılmışdır ki, bu da əslində polis və digər hüquq mühafizə orqanlarının sahibkarları incitməməsi üçün nəzərdə tutulmuşdu. 2017-ci ildə məhz vergi cinayətləri və qanunsuz biznes fəaliyyəti ilə bağlı “Turan” İformasiya Agentliyinin rəhbəri Mehman Əliyevin həbsi yaddaqalan oldu. “Kanal 13”-ün rəhbəri Əziz Orucovun da həbsi bu sıradandır. Düşünürəm ki, bu, hakimiyyətin sifarişli həbslərinin mahiyyətinin dəyişdirilməsinə yönəlib. Bu tipli həbslər xeyli saydadır, buraya digər fəallar və huquq müdafiəçiləri, QHT rəhbərlərini də əlavə etsək çox böyük bir siyahi yaranacaq. QHT-lərə açılan cinayət işləri vergidən yayınma ilə bağlıdır, lakin QHT-lər, ümumiyyətlə, vergidən azad qeyri-kommersiya təşkilatlarıdır. Digər tərəfdən jurnalistlər və bloggerlər vergi ödəyicisi olmaqdan əlavə, fəaliyyətləri cəmiyyətdə baş verənləri işıqlandırmağa yönəlibdir və düşünürəm ki, qanunlarımıza hörmətlə yanaşan və işlərini bu cür quran ödəyicilərə hökumət həbslər yox, əlavə güzəştlər etməlidir.

– Mehman Əliyev və Əziz Orucovla bağlı məsələyə toxundunuz. Yeri gəlmişkən, hər iki mətbuat orqanına qarşı olan ittihamlar haqqında nə deyə bilərsiz?

– Bu haqda mətbuatda xeyli informasiya var. Hər iki ittiham əsassızdır. Bilirsiniz, müəyyən məqamlarda Mehman Əliyev və Əziz Orucova qarşı ittihamlar əslində Vergilər Nazirliyinin qərəzli, ən azından qeyri-peşəkar yanaşmasıdır. Misal üçün, “Turan”ın üzunmüddətli fəaliyyətinin qanunsuz olması və vergidən yayınması niyə məhz illər sonra ortaya çıxır? Belə çıxır ki, bu sistemdə boşluq var və bu boşluqdan digərləri də istifadə edə bilər. Digər tərəfdən, Əziz Orucova qarşı ittiham ümumiyyətlə, ilk olaraq polisə müqavimət kimi başlasa da, davamı yenidən vergi ittihamı ilə əvəz edildi. “Kanal 13”-ə qarşı olan ittiham isə ümumiyyətlə, gülüncdür. Əvvəla, bu təşkilatın istehsal etdiyi məhsulu – televiziya verlişini gizlətmək imkanı yoxdu. Yəni veriliş varsa, efirə getməlidir. İkincisi, bu İnternet televiziyasıdır və burada hansısa xüsusi reklam və digər gəlirlərdən söhbət gedə bilməz. Müxtəlif sosal şəbəkələrdən “Kanal 13” verilişlərinin reytinqinə görə vəsait ödənişləri ola bilər ki, burada da vergidən yayınmadan söhbət gedə bilməz.