Aprel qazisi: “Əhəd Abıyev və işçisi məndən 20 min manat aldı”

0

“İcra Hakimiyyəti mənə ev verəcəyini deyib, 20 min manatımı aldı. Aylardır ortada nə ev var, nə də pulumuzu alan şəxs”.

Bu sözləri Qarabağ qazisi, aprel döyüşləri iştirakçısı Arzu Ramiz oğlu Məmmədov deyib.

İki uşaqla kirayədə yaşamaq çətin idi deyə icra hakimiyyətinə müraciət etdim

 

Arzu Məmmədov Daşkəsən sakinidir. Deyir, yaralanandan, qolunu itirəndən və daimi müalicəyə ehtiyacı olandan ona kirayədə yaşamaq çətinləşib. Odur ki, Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevə müraciət edib. Onu evlə təmin etməsini istəyib:

“Vəziyyətimi başa saldım. İki uşaqla kirayədə, daimi müalicə almağın çətinliyini danışdım. O, mənə “bizim rayonda bunun üçün torpaq sahəsi və ya mənzil yoxdur. Ancaq Gəncə şəhərində var”-dedi. Sonra mənə Daşkəsəndən qeydiyyatdan çıxıb Gəncə şəhərinə düşməmi istədi. Sonra da Gəncənin icra başçısı Elmar Vəliyevlə danışıb, ev problemimi həll edəcəyini söylədi”.

Əhəd Abıyevin işçisi, icra hakimiyyətinin hüquqşünası bizi aldadıb

A.Məmmədov Əhəd Abıyevin dediyini edib: “Bizi Əhəd Abıyevin işçisi, icra hakimiyyətinin hüquqşünası İlhamə Bayramova əmin etdi ki, narahat olmayın, sizə Gəncədə 4 otaqlı, əşyalı, təmirli mənzil veriləcək. Sonra İlhamə Bayramova mənə bir daha zəng etdi. Dedi ki, Əhəd müəllim ev məsələsini həll edib. Ancaq həmin mənzili almaq üçün gərək 20 min (20.000) manat ödəyəsiniz. O qədər pulumun olmadığını söylədikdə isə mənə “başqa cür alınmayacaq”, – dedi”.

Dələduzluq edən biri niyə həbs edilmir?

Qarabağ qazisi deyir ki, bundan sonra ailəsi ilə məsləhətləşib. Valideynləri ona 13 min manat veriblər:

“Qalan 7 min manatı isə borc-xərc tapıb İlhamə Bayramovaya verdim. Zülm bundan sonra başladı. Hər dəfə “ev nə oldu” – deyə, soruşanda “düzələcək” deyirdilər. Beləcə aylar keçdi. Axırda eşitdik ki, İlhamə Bayramovanı dələduzluqda ittiham edərək, həbs ediblər. Bir müddət sonra isə eşitdik ki, azadlığa buraxılıb. Mənə və ailəmə etdikləri ilə bağlı polisə şikayət ətizəsi ilə müraciət etdim. Bu zaman öyrəndim ki, həmin şəxs mənim kimi başqa bir Qarabağ qazisini də aldadıb. Həmin qazidən də ev verəcəyi vədi ilə pul alıb. Bu zaman haqlı olaraq sual yaranır: Bu insan niyə həbs olunmayıb?”

Qazi Arzu Məmmədov

Dələduz çox rahat həyatına davam edir

 

Arzu Məmmədov deyir ki, görünür, bu şəxs Əhəd Abıyevlə əlbirdir. Yoxsa çoxdan həbs edilərdi:

“1 il əvvəl prokurorluqdan bildirdilər ki, İlhamə Bayramovanın işi cinayət işlərindən çıxarılıb. Ancaq mən istədiyim vaxt yenidən şikayət edə bilərəm. Fakt, bir dəfə şikayət etmişəm, araşdırmırlar. Səbəb nədir, bilinmir. Dələduz çox rahat həyatına davam edir. Mən isə verdiyim pulumu geri ala bilmirəm. Üstəlik, kirayədə min bir əziyyətlə yaşamağa məhkumam. Canımın ağrısını unudub, iki balamın gələcəyini düşünürəm. Bir evim olsun deyə müraciət etmədiyim yer qalmayıb. Heç yerdən cavab ala bilmirəm”.

Qızımın doğum günündə yaralandım

32 yaşlı Arzu Məmmədov 1-5 apreldə, Qarabağda Lələtəpə adlanan yüksəklik uğrunda gedən döyüşlərdə qolunu itirib, ayağından travma alıb, qulaqları yaxşı eşitmir. Daim müalicə almasa, ağrıları kəsmir. Üstəlik, evlidir və iki övladı var. Övladının biri görmə problemlidir. Deyir, döyüşlərdə top komandiri kimi iştirak edib. Topları düşmən işğalından azad etmək üçün əlindən gələni edib:

“Aprelin 3-də, qızım Aydanın doğum günündə ağır yaralandım. Qolumu itirdim, bədəninin bir çox yerində dərin qəlpə yaraları var. Qulaq pərədələrim zədələndiyindən eşitməmdə də problem yaranıb. Eyni zamanda, məndə hipertoniya xəstəliyi baş qaldırıb. Artıq 1 il 10 aydır ki, hospitalda davamlı müalicə alıram. Bu müddət ərzində 5 dəfə amputasiya olunmuş qolumdan, 1 dəfə isə yaralı ayağımdan əməliyyat olunmuşam. Ayağımın əməliyyatı zamanı sinirimi zədələyiblər. Buna görə hələ də reabilitasiyada müalicə alıram. Qolum isə heç sağalmır”.

Ümid edirəm yarəmcan qazinin səsinə səs verən tapılacaq

Arzu Məmmədov deyir ki, yaralandığı vaxtdan müalicə almaq üçün Bakıda ailəsilə birgə kirayədə yaşayır. Heç bir yerdən maddi dəstəyi olmadığını deyən, qazi ata-anasının da yaşlı təqadüçü insalar olduğunu söyləyir:

“Onların da nəyisə yoxdur ki, mənə kömək etsinlər. Elə əllərindən gələn 13 min manat idi. İllərlə yığıb, üstünü də birtəhər borc-xərclə düzəltmişdilər. Onu da icra hakimiyyətinin nümayəndəsi aldı, vermədi. Atamgil də kirayədə yaşayır. İllər əvvəl oğlumun gözünü əməliyyat etdirmək üçün evlərini satıblar. Mənsə sağlamlığımı və işləmək qabiliyyətimi itirmişəm. Övladlarımın gələcəyi üçün heç nə edə bilmirəm. Prezident İlham Əliyevə, xanım Mehriban Əliyevaya və dövlətin bütün aidiyyatı qurumlarına üzümü tutub, kömək istəyirəm. Ümid edirəm ki, Azərbaycan torpaqlarının bütövlüyü uğrunda yarımcan bir qazinin səsinə səs verən tapılacaq!”

Vətən sağ olsun, biz olmasaq da olar!

A.Məmmədov sonda bildirir ki, o, Qarabağ müharibəsinin aprel döyüşlərində qazi olmasından fəxarət duyur:
“Bu gün ehtiyac olarsa, Ali Baş Komandanın əmri ilə yarımcan olmağıma baxmayaraq, vətənimin torpaqları uğrunda yenə düşmənə qarşı vuruşmağa hazıram. Vətən sağ olsun, biz olmasaq da olar!”

İlhamə Babayeva hazırda bizim əməkdaş deyil

Meydan TV məsələyə münasibət öyrənmək üçün Daşkəsən Rayon İcra Hakimiyyəti ilə əlaqə saxlayıb. İcra Hakimiyyətinin ümumi şöbəsindən İlhamə Babayevanın 1 il öncə işdən ayrıldığını, artıq onlarla çalışmadığını söyləyiblər:

“O xanım hazırda bizim əməkdaş deyil. Əvvəl nə etdiyini isə bilmirik”.

Qarabağ qazisinin Əhəd Abıyevlə bağlı dediklərinə isə icra başçısının köməkçisi münasibət bildirib. Deyib ki, Qarabağ qazisinin açıqlaması həqiqəti əks etdirmir:

“Üstəlik, onun əmisi qızı bizim icra hakimiyyətinin əməkdaşıdır. Həmin xanım özü icra hakimiyyəti adından əmisi oğlunun sosial şəbəkədə yaydığı məlumatla bağlı açıqlama verib. Həmin açıqlamaya baxa bilərsiniz”.

Bu məsələnin Daşkəsən rayonuna heç bir aidiyyəti yoxdur

Daşkəsən Rayon İcra Hakimiyyətinin Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Aidə Nağıyevanın həmin açıqlamasında bildirilir ki, aprel qazisi Arzu Məmmədovun sosial şəbəkələrdə yaydığı məlumat əsassız, böhtan xarakterlidir:

“Arzu Məmmədov mənim doğma əmim oğludur və Gəncə şəhərində qeydiyyatdadır. Orada güzəştli şərtlərlə mənzil əldə etmək məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinin sabiq əməkdaşı, həyat yoldaşının əmisi qızı İlhamə Bayramovaya 20 min manat verdiyini söyləyir. Sosial şəbəkələrdə və müxalif media qurumlarında yaydığı video-çarxda Daşkəsən Rayon İcra Hakimiyyətinə qarşı bəzi neqativ iddialar irəli sürüb. Halbuki o, Gəncədə pasport qeydiyyatındadır və onun mənzil məsələsi Dövlət Sosial Müdafiə Fondunun Gəncə şəhər şöbəsinin səlahiyyətlərinə aiddir. Bu məsələnin Daşkəsən rayonuna heç bir aidiyyəti və bağlılığı yoxdur”.

Məlumatlar şər-böhtan xarakterli olmaqla əsassızdır

Aidə Nağıyeva deyir ki, Arzu Məmmədovun Daşkəsən Rayon İcra Hakimiyyəti ilə bağlı yaydığı məlumatlar şər-böhtan xarakterli olmaqla əsassızdır:

“Ona və ailəsinə qarşı, ümumiyyətlə, hər hansı bir hədə-qorxudan söhbət belə gedə bilməz. O, bəzi maraqlı şəxslərin təsiri altına düşərək onların qarayaxma kampaniyasına xidmət göstərir”.