İlahiyyatçının kassasiya şikayəti təmin edilməyib

0

Fevralın 13-də Ali Məhkəmə hakim Gülzar Rzayevanın sədrliyi ilə ilahiyyatçı Sərdar Babayevin kassasiya şikayətini təmin etməyib.

Sərdar Babayevin özünün məhkəmədə iştirakı təmin edilib.

Bu barədə vəkil Cavad Cavadov “Amerikanın Səsi”nə bildirib

Sərdar Babayev 2017-ci il fevralın 22-də Masallı rayonunda saxlanılıb. O, Cinayət Məcəlləsinin 168.1 (dini ayinlər adı altında insanların hüquqlarına qəsd etmək) maddəsi ilə ittiham edilib. İyulun 3-də Masallı Rayon Məhkəməsi hakim Anar Alməmmədovun sədrliyi ilə ilahiyyatçını 3 il azadlıqdan məhrum edib.

Həmin hökmdən verilmiş şikayəti Şirvan Apellyasiya Məhkəməsi təmin etməyib.

İstintaq prosesi davam etdiyi vaxt yerli rəsmilər bildiriblər ki, S.Babayev xaricdə dini təhsil alıb, Azərbaycanın mövcud qanunları onun dini mərasim idarə etməsinə imkan vermir.

Müdafiə tərəfi bildirib ki, Sərdar Babayev qanunvericiliyə həmin məhdudlaşdırıcı maddə əlavə edilməzdən öncə xaricdə dini təhsil alıb. Eyni zamanda, Qafqaz Müsəlmanları İdarəsində vəzifə tutan bir çox şəxslər də xaricidə dini təhsil alıb. Üstəlik, həmin məhdudlaşdırıcı maddə 2017-ci ilin mayında yumşaldılıb. Artıq xaricidə dini təhsil alanlar da Qafqaz Müsəlmanlar İdarəsinin razılığından sonra ölkədə dini mərasimlər apara bilər.

Bu gün keçirilən məhkəmə iclasında vəkil Babayevin ittiham olunduğu Cinayət Məcəlləsinin 168.1-ci maddəsinin Azərbaycan Konstitusiyanın 48-ci maddəsinə (Vicdan azadlığı), Avropa Konvensiyasının 9-cu maddəsinə (Fikir, vicdan və din azadlığı) uyğun olub-olmamasının şərh edilməsi üçün sorğu verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə vəsatəti təmin etməyib.

Sərdar Babayev və vəkil Cavad Cavdov kassasiya şikayətinin dəlilləri ilə bağlı çıxışında bildirib ki, Babayevə bəraət və cinayət işinə cinatyət işinə xitam verilməlidir.

“İttiham konstitusiyaya uyğun deyil və Babayev Azərbaycanda da təhsil alıb”, deyə vəkil qeyd edib.

Cavad Cavadov deyib ki, Babayevin ilkin həbsi ilə bağlı Avropa Məhkəməsinə şikayət verilib və Ali Məhkəmənin qərarından da Avropa Məhkməsinə şikayət ediləcək.