Nazirlər Kabineti sürüşmə zonası ilə bağlı qərar verəcək

0

«Bayıl yamacındakı sürüşmə sahəsində tədqiqatlar davam edir. Bu barədə tez-tez baş nazirə məlumat verilir və müvafiq tədbirlər görülür».

Bunu Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri Akif Əli bildirib. Onun deməsinə görə, bu məsələ ilə bağlı Nazirlə Kabinetinin qəbul edəcəyi qərar sürüşmə zonasındakı əhalini razı salacaq qaydada icra olunacaq.

Hazırda sürüşmə ərazisində baş verən hadisələrin hökumətin nəzarətində olduğunu deyən A.Əli proses başa çatmadığından neçə ailənin köçürüləcəyinin bilinmədiyini söyləyib:

«Sürüşmə sahəsində vəziyyət tam aydın olandan sonra Nazirlər Kabineti müvafiq qərar verəcək».

Bayıl yamacında sürüşmənin bu ilin yanvarında aktiv fazaya keçdiyi bildirilir.

«Teleqüllə» adlanan bu sürüşmə sahəsi – Bakı Televiziya Qülləsindən 200-250 metr cənub–şərqdə yerləşir. Sürüşmə sahəsində 30 metr uzunluğunda, 12 metr dərinliyində çatlar yarandığı deyilir.

Ərazidən əvvəlcə 100-dən çox ailə çıxarılıb. Onlardan getməyə yerləri olmayanlar Səbail rayonundakı məktəblərə yerləşdirilib. Fevralın 10-da da ərazidən ailələrin köçürülməsi davam edib.

Buna qədər sonuncu dəfə Bayılda sürüşmə 2011-ci ilin avqustunda, ilk dəfə isə 1870-ci ildə qeydə alınıb.

2017-ci ilə qədər Bayıl ərazisində 10 dəfə sürüşmə baş verdiyi bildirilir.