Qüdrət Həsənquliyev prezidentliyə namizədliyini irəli sürüb

0

Milli Məclisin deputatı, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri Qüdrət Həsənquliyevin aprelin 11-nə təyin olunan növbədənkənar prezident seçkilərində namizədliyi irəli sürülüb.

Məlumata görə, deputatın namizədliyinin təsdiq olunması üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim edilib.

Hal-hazırda prezidentliyə namizəd kimi hazırki dövlət başçısı İlham Əliyevin, deputat Zahid Orucun, Vətəndaş İnkişaf Partiyasının sədri Əli Əliyevin, Liberal Demokrat Partiyasının sədri Fuad Əliyevin, AXCP sədrinin keçmiş müavini Razi Nurullayevin, “AğPartiya”nın sədri Tural Abbaslının namizədliyi irəli sürülüb.

Müxalifətin təmsil olunduğu Milli Şura, AXCP, Müsavat Partiyası və REAL Hərəkatı seçkiləri boykot etdiklərini və namizəd irəli sürməyəcəklərini bildiriblər.

2016-ci il sentyabrın 26-da keçirilmiş referendum nəticəsində qanunvericiliyə edilmiş dəyişikliklərə görə, Azərbaycan Prezidentinə növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti verilib.

2018-ci il fevralın 5-i prezident İlham Əliyev 11 aprel tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayıb.

Prezident seçiləcək şəxs ilk dəfə olaraq 7 il müddətinə ölkəyə rəhbərlik edəcək. Buna qədər Azərbaycanda prezidentlik müddəti 5 il idi.