SMDT növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yaydı

0

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkisi ilə bağlı bəyanat yayıb.

Bəyanatda bildirilir ki, SMDT 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkisinin təyin olunması ilə bağlı hüquqi-siyasi mühiti dəyərləndirərək, seçkinin vaxtından 6 ay öncə keçirilməsi barədə sərəncamın Azərbaycan Respublikası və Seçki Məcəlləsinə uyğun olaraq verilsə də, bu tədbirlərin seçkilərin dövriliyi və demokratik konstitusionalizm prinsiplərinə uyğun olmadığını müəyyən edib.

Qeyd olunur ki, SMDT təəssüflə bildirir ki, hazırda arasında jurnalist, bloqer və siyasi partiya fəallarının olduğu 140 nəfərdən artıq siyasi məhbusun həbsi, ifadə azadlığını məhdudlaşdıran addımlar, o cümlədən 2017-ci ilin martından etibarən müstəqil TV və qəzetlərin veb səhifələrinin bloklanması və sosial media fəallarının kütləvi şəkildə təqib edilməsi növbədənkənar prezident seçkisi ərəfəsində demokratik şəraitin təmin olunmadığını göstərir. Bununla yanaşı vətəndaş cəmiyyəti və hüquq müdafiə təşkilatlarına qarşı 9 oktyabr 2013-cü il prezident seçkisindən sonra başlayan siyasi təzyiqlərin aradan qalxmaması hazırda vətəndaş cəmiyyəti təşkilatlarının seçicilərin maarifləndirilməsi, seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı fəaliyyət imkanlarını tükəndirib.

TAM BƏYANAT

1.Xülasə

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (SMDT) 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkisinin təyin olunması ilə bağlı hüquqi-siyasi mühiti dəyərləndirərək, seçkinin vaxtından 6 ay öncə keçirilməsi barədə sərəncamın Azərbaycan Respublikası və Seçki Məcəlləsinə uyğun olaraq verilsə də, bu tədbirlərin seçkilərin dövriliyi və demokratik konstitusionalizm prinsiplərinə uyğun olmadığını müəyyən edib.

SMDT hesab edir ki, növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam tutarlı siyasi ehtiyaclar göstərilmədən və parlamentdə açıq ictimai müzakirələr aparılmadan verildiyindən seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən potensial prezidentliyə namizədlərin iştirakını, yerli və beynəlxalq müşahidəçilərin hazırlığını çətinləşdirib. Eyni zamanda növbədənkənar prezident seçkisinin təyin edilməsi səlahiyyətinin bu məsələdə maraqlı subyektə, yəni prezidentə hər hansı məhdudiyyətlər olmadan verilməsi demokratik
idarəçilik qaydalarına uyğun deyil. Prezident nəzəri olaraq özünə sərfəli vaxtda (məsələn, reytinqlərinin yüksək olduğu və ya reytinqinin gələcəkdə aşağı düşəcəyi halda) növbədənkənar seçkilər təyin edə və bununla da səlahiyyət müddətini artıra bilər. Bununla da maraqlı subyekt olan prezidentə özünün siyasi karyerası ilə bağlı haqsız və ədalətsiz üstünlük əldə edəcəyi səlahiyyətin verilməsi demokratik cəmiyyətin tələbləri baxımından legitim deyil.

SMDT təəssüflə bildirir ki, hazırda arasında jurnalist, bloqer və siyasi partiya fəallarının olduğu 140 nəfərdən artıq siyasi məhbusun həbsi, ifadə azadlığını məhdudlaşdıran addımlar, o cümlədən 2017-ci ilin martından etibarən müstəqil TV və qəzetlərin veb səhifələrinin bloklanması və sosial media fəallarının kütləvi şəkildə təqib edilməsi növbədənkənar prezident seçkisi ərəfəsində demokratik şəraitin təmin olunmadığını göstərir. Bununla yanaşı vətəndaş cəmiyyəti və hüquq müdafiə təşkilatlarına qarşı 9 oktyabr 2013-cü il prezident seçkisindən sonra başlayan siyasi təzyiqlərin aradan qalxmaması hazırda vətəndaş cəmiyyəti təşkilatlarının seçicilərin maarifləndirilməsi, seçki hüquqlarının müdafiəsi və yerli seçki müşahidəçiliyinin təşkili ilə bağlı fəaliyyət imkanlarını tükəndirib.

SMDT əvvəlki seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələri, Avropa Şurası Venesiya Komissiyasının rəyləri və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra vəziyyətinə əsaslanaraq, hesab edir ki, növbədənkənar prezident seçkisi ərəfəsində Azərbaycan xalqının azad iradəsinin ifadə edilməsi, ölkədə rəqabətli siyasi mühitin yaradılması, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququnun təmin olunması, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutlarına fəaliyyət imkanlarının yaradılması yönündə heç bir islahat aparılmayıb.

SMDT 2001-2013-cü illərdə Azərbaycanda keçrilən bələdiyyə, parlament, prezident seçkiləri və referendumlar zamanı müxtəlif proqramlar həyata keçirərək, vətəndaşların seçki hüquqlarının müdafiəsi, seçki prosesinin müşahidəsi və seçki prosesi barədə ictimai məlumatlandırmanın təşkili yönündə çalışıb.

2.Növbədənkənar prezident seçkisinin təyin edilməsinin hüquqi əsasları

5 fevral 2018-ci ildə Azərbaycan prezidenti İlham Əliyev ölkədə növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam imzalayaraq, bu ilin sonunda keçiriləcək seçkinin tarixini 6 ay öncəyə dəyişib. Bu sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 101-ci maddəsinin I hissəsi və Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq verilsə də, növbədənkənar seçki təyin edilərkən seçkilərin dövriliyi və demokratik konstitusionalizm prinsiplərinə əməl edilməyib.

Növbədənkənar seçkinin təyin edilməsi hüququ milli qanunvericiliyə 26 sentyabr 2016-cı ildə keçirilmiş referendumdan sonra gətirilib və həmin referenduma çıxarılan düzəlişlərlə bağlı Avropa Şurası Venesiya Komissiyasının rəyində dəyişikliklərin motivlərinin aydın olmadığı, referendum aktının müzakirəsinə parlamentin cəlb edilməməsi və konstitusion düzəlişlərin qüvvəyə minməsi qaydası ilə bağlı tənzimləmənin olmaması tənqid edilib.

Növbədənkənar prezident seçkisinin keçirilməsi barədə sərəncam tutarlı siyasi ehtiyaclar göstərilmədən və parlamentdə açıq ictimai müzakirələr aparılmadan verildiyindən seçki prosesində bütün maraqlı tərəflərin, o cümlədən potensial prezidentliyə namizədlərin iştirakını, yerli və beynəlxalq müşahidəçilərin hazırlığını çətinləşdirib. Bununla da Azərbaycan respublikasının qoşulduğu beynəlxalq sənədlərdə təsbit olunmuş “seçkilərin ağlabatan aralıqda və müddətdə keçirlməsinə dair” müddəalar gözlənilməyib, seçkilərin növbədənkənar qaydada keçrilməsi ilə bağlı əsaslı və məntiqli izahat verilməyib.

SMDT Avropa Şurasına üzv ölkələrin təcrübəsinə istinad edərək, növbədənkənar seçkilərin keçirilməsi (xüsusən də prezident seçkiləri) ilə bağlı yetərincə müstəsna halların olduğunu, habelə bu səlahiyyətdən istifadə hüququnun müstəsna qayda və şərtlərlə tətbiq edildiyini müəyyən edib. Ancaq Azərbaycan Konstitusiyasının 101-ci maddəsinin I hissəsində belə müstəsna qaydalar və şərtlər göstərilməyib və bu müddəa prezidentə konkret və xüsusi əsaslar göstərmədən növbədənkənar seçkilər keçirmək səlahiyyəti verir. Beləliklə, Konstitusiyanın 101-ci maddəsinin birinci hissəsi növbədənkənar seçkilərin elan edilməsi ilə bağlı müstəsna şərtlər və qaydaları müəyyən etmədiyindən bu səlahiyyətin özü Avropa seçki təcrübəsi ilə ziddiyət təşkil edir.

Növbədənkənar prezident seçkilərinin təyin edilməsi səlahiyyətinin bu məsələdə maraqlı subyektə, yəni prezidentə hər hansı məhdudiyyətlər olmadan verilməsi də demokratik idarəçilik qaydalarına uyğun deyil. Prezident nəzəri olaraq özünə sərfəli vaxtda (məsələn, reytinqlərinin yüksək olduğu və ya reytinqinin gələcəkdə aşağı düşəcəyi halda) növbədənkənar seçkilər təyin edə və bununla da səlahiyyət müddətini artıra bilər. Bununla da maraqlı subyekt olan prezidentə özünün siyasi karyerası ilə bağlı haqsız və ədalətsiz üstünlük əldə edəcəyi səlahiyyətin verilməsi demokratik cəmiyyətin tələbləri baxımından legitim deyil.

Növbədənkənar prezident seçkisinin təyin edilməsiylə bağlı sərəncam 2016-cı ildə keçirilmiş referendum vasitəsilə prezidentin səlahiyyətlərini artıran müddəalar3 konteksində prezident seçkisinin növbədənkənar təyin edilməsi hüququnun da prezidentə verilməsi bu müddəalardan istismar olunması imkanı yaradır. Nəticə etibarilə, növbədənkənar prezident seçkilərinin təyin edilməsi səlahiyyətinin prezident tərəfindən icra edilməsi leqal (qanuni) akt olsa da, demokratik konstitutisionalizm prinsipləri baxımından qeyri-legitimdir.

3. Növbədənkənar prezident seçkisinə hazırlıq və siyasi mühit

SMDT-nin növbədənkənar prezident seçkisi elan olunmazdan 6 ay öncə dərc etdiyi və əvvəlki seçkilərlə bağlı ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun tövsiyələri, Avropa Şurası Venesiya Komissiyasının rəyləri və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına istinadən apardığı dəyərləndirmə göstərib ki, ölkədə əlverişli və demokratik seçki mühitinin yaradılması yönündə islahatlar aparılmayıb.

2003-cü ildə qəbul edilmiş Seçki Məcəlləsi ölkədə azad və ədalətli qaydada seçkilərin keçirilməsinə imkan vermir və bu qanuna təkmilləşdirici dəyişikliklər edilmədən növbədənkənar prezident seçkisinin keçirilməsi seçki prosesinə inamı azaldır. Bu baxımdan yerli və beynəlxalq təşkilatların Seçki Məcəlləsinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr, o cümlədən seçki komissiyalarının siyasi qüvvələrin bərabər təmsilçiliyi əsasında formalaşması, seçki şikayətlərinin obyektiv araşdırılması, namizədlərin qeydiyyatı və seçkiqabağı təşviqat kampaniyası ilə bağlı təkliflər nəzərə alınmayıb. Bununla yanaşı Avropa İnsan Hüquqları Məhkəməsinin Azərbaycanda seçki hüququnun pozulması ilə bağlı çoxsaylı qərarlarına baxmayaraq, ötən 15 ildə Mərkəzi Seçki Komissiyası və digər seçki komissiyalarının əsas tərkibinin dəyişməməsi seçki prosesinə etimadı sarsıdan mühüm faktorlardan biridir.

Seçki ərəfəsində həll edilməsi vacib məsələlərdən biri də seçicilərin qeydiyyatı ilə bağlı bu sahədə mövcud olan mürəkkəb mexanizmin sadələşdirlməsi, seçicilərin sayı ilə bağlı həqiqi və aşkar hesablamaların aparılmasıdır. Ancaq təəsüf ki, SMDT-nin 2009-cu ildən başlayaraq Dövlət Statistika Komitəsinın 18 yaşdan yuxarı əhali ilə MSK-nın açıqladığı seçici siyahıları arasında uyğunsuzluqla bağlı iradlarına diqqət yetirilməyib.

SMDT növbədənkənar prezident seçkisinin gözlənilmədən təyin edilməsi nəticəsində müxalif partiyaların namizədləri üçün əlverişsiz şəraitin yarandığını, seçki prosesinin yerli və beynəlxalq seçki müşahidəçilər tərəfindən peşəkar qaydada izlənilməsinə hazırlığın çətinləşdiyini , seçki təqviminin seçicilərin maarifləndirilməsi üçün yetərli olmadığını bildirir.

SMDT təəssüflə qeyd edir ki, hökümət internetdə ifadə azadlığını məhdudlaşdıran bir sıra addımları, o cümlədən parlamentin 2017-ci ilin martında internet saytlarını bloklamağa imkan verən qanuna düzəlişləri məhkəmələrə internet saytlarını bloklamaq üçün qeyri-məhdud səlahiyyətlər verib. Eyni zamanda Azərbaycanda ifadə azadlığına artan təzyiqlər çərçivəsində sosial media fəallarının kütləvi şəkildə təqib edilməsi və MSK tərəfindən sosial medianın seçki dövründə nəzarətə alınması barədə çağırışları söz və fikir azadlığına müdaxilədir. SMDT bu cür halları yolverilməz hesab edərək, bunun seçicilərin məlumatlandırılması və seçkiqabağı
təşviqat dövründə seçici istəklərinin öyrənilməsinə məhdudiyyətlər yaratdığını qeyd edir. Eyni zamanda ölkədə müstəqil televiziya və radioların olmaması, müstəqil media orqanlarının nəşrinin dayanması və tənqidçi veb portalların vaxtaşırı bloklanması seçki ərəfəsindən demokratik şəraitin təmin olunacağına şübhələr yaradır.

SMDT bildirir ki, hazırda 140 nəfərdən artıq siyasi məhbus, o cümlədən siyasi liderlər, jurnalist, bloqer və sosial media fəalları iqtidara tənqidi münasibətlərinə görə həbsdədir və onlarla insan hər gün ifadə azadlığına barışmaz münasibətin nəticəsi olaraq təqib olunurlar. Bununla yanaşı parlament toplantıların keçirilməsinə dair sanksiyaları qeyri-mütənasib qaydada sərtləşdirib və toplanış qaydalarının pozulması 3 ay müddətinə qədər həbs sanksiyası və yüksək məbləğdə cərimələrədək artırılıb.

2013-cü ilin prezident seçkisindən sonra vətəndaş cəmiyyəti və hüquq müdafiə təşkilatlarına qarşı başlayan siyasi təzyiqlər aradan qalxmayıb, habelə birləşmək azadlığını tənzimləyən qanunlar indiyədək təkmilləşdirilməyib. Bununla da mövcud qanunvericliyin mürtəce dəyişikliklərə məruz qalması, bəzi yerli və xarici QHT-lər üzərində cinayət təqibi və yüksək vergi cərimələrinin saxlanması, habelə xarici donor təşkilatlardan maliyyələşmənin çətinləşməsi nəticəsində vətəndaş cəmiyyətinin fəaliyyəti seçki dövründə məhdudlaşıb.

SMDT qeyd edir ki, növbədənkənar prezident seçkisi ərəfəsində Azərbaycan xalqının azad iradəsinin ifadə edilməsi, ölkədə rəqabətli siyasi mühitin təmin edilməsi, ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququnun təmin olunması, siyasi partiyalar və vətəndaş cəmiyyəti institutlarına fəaliyyət imkanlarının yaradılması yönündə heç bir islahat aparılmayıb. Bunu əsas gətirərərək, əvvəlki prezident seçkilərində əsas müxalif namizədləri təmsil edən Xalq Cəbhəsi və Müsavat partiyaları, o cümlədən siyasi məhbus İlqar Məmmədovun liderlik etdiyi
Respublikaçı Alternativ Hərəkatı növbədənkənar seçkilərdə iştirak etməkdən imtina ediblər. Nəticədə ölkənin müstəqillik tarixində dördüncü dəfə əsas müxalif partiyalarının iştirak etmədiyi prezident seçkisi ərəfəsində siyasi alternativsizlik şəraiti yaranıb.

4. Növbədənkənar prezident seçkisinin təşkili ilə bağlı tövsiyələr:

SMDT 11 aprel 2018-ci ildə növbədənkənar prezident seçkisinin azad və ədalətli qaydada keçirilməsi üçün aşağıdakı istiqamətlərdə tədbirlərin keçirilməsini zəruri hesab edir:

• Yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarının siyasi məhbus hesab etdiyi şəxslər azad edilsin və siyasi partiyalara öz toplantı və yığıncaqlarını, habelə etiraz aksiyalarını keçirmək hüquqları tanınsın.

• Yerli və beynəlxalq QHT-lərin ölkədə sərbəst şəkildə fəaliyyətini tənzimləyən qanunlara son 3 ildə edilmiş mürtəce dəyişikliklər ləğv edilsin, vətəndaş cəmiyyəti fəallarına qarşı təqiblərə son qoyulsun.

• Mərkəzi Seçki Komissiyasının namizədlərin imza vərəqələrinin verilməsi və imzaların yoxlanılması, seçici siyahılarının hazırlanması və seçki məntəqələri dislokasiyalarının tərtib olunması, seçki şikayətlərinin araşdırılması, dairə seçki komissiya üzvlərinin hazırlanması ilə bağlı fəaliyyətinin aşkarlıq və ictimai nəzarət şəraitində keçirilməsi təmin edilsin.

• Xarici radioların ölkədə fəaliyyətinin bərpası, müstəqil və müxalif veb portalların
bloklanması tədbirləri aradan qaldırılsın.

• Növbədənkənar prezident seçkisi ilə bağlı seçicilərin geniş və ətraflı məlumatlar əldə etməsi, habelə seçki prosesinə iştirak etməyən siyasi qüvvələrin tələbləri ilə tanış olması dövlət televiziyalarında efir vaxtının ayrılması imkanları yaradılsın.