Azərbaycan səfirliyi 2 min litr pivəni nə edir?

2014-cü ilin sonunda Azərbaycanın Kanberradakı səfirliyi yeni il gecəsinə rüsumsuz alkoqollu içki və siqaretlə bağlı inanılmaz bir sifariş verib. Mediaya sızan sənədlər göstərir ki, səfir Rövşən Cəmşidov və mühasib Araz Xasıyev diplomatik statuslarından yararlanaraq, Avstraliya hökumətindən 2 min litr pivə, 1100 litr şərab, 520 litr spirt və 40 min siqaretin rüsumsuz idxalına icazə istəyiblər”. Avstraliyanın «The Sydney Morning Herald» qəzetində Richard Baker və Nick McKenzie belə yazır.
Azadlıq Radiosu məlumat verir ki, həmin idxalın Avstraliyada xarici təmsilçilik qaydalarını pozmadığına, amma əhalisi, əsasən, müsəlmanlar olan bir dövləti təmsil edən, cəmi 5 diplomatın çalışdığı bir səfirlikdən ötrü aşırı təsir bağışladığına diqqət çəkilir:
“Hər birimiz gömrükdən bir neçə şüşə rüsumsuz içki keçirə bilərik, Avstraliyadakı səfirlik və ali komissarlıqlarınsa, hər yarımildən bir, 260 lirt spirt, 1000 litr pivə, 20 min siqaret əldə etmək ixtiyarı var. Bir şərtlə ki, bu məhsullar rəsmi məqam çərçivəsində istifadə olunsun. Diplomatlarsa, hər altı aydan bir,şəxsi istifadədən ötrü bütün bunların yarısını ala bilərlər”.
Qəzet xarici diplomatların davranışının bugünlər Avstraliyada diqqət mərkəzində olduğunu vurğulayır. Məsələn, Səudiyyə Ərəbistanı səfirliyi əməkdaşlarının yol hərəkəti qaydası pozuntusuna görə cərimə ödəmədiyi üzə çıxıb.
Avstraliya Sərhəd Xidməti bəzi məhsulların qara bazarda satıla biləcəyinə dair iddiaları dəyərləndirib və bu məsələni daha araşdırmamaq qərarına gəlib. Jurnalistlər bir daha vurğulayırlar ki, bu sifarişin həcmi nə qədər diqqət çəksə də, yerli qanunvericilik pozulmayıb.
Araz Xasıyev mediaya bildirib ki, böyük həcmdə alkoqollu içki və siqaret idxalı üçün belə bir icazənin istənilməsi heç də həmin sifarişin gerçəkləşdirilməsi anlamına gəlmir.
“Düşünürsünüz ki, o qədər içə və işləməyə davam edə bilərdim?” – deyən mühasib zarafatından da qalmayıb. A.Xasıyev Kanberrada diplomatik xidmətin iştirakıyla rüsumsuz alkoqollu içki və siqaretin qara bazarda satışı haqqında heç nə eşitmədiyini də sözlərinə əlavə edib.
Ötən il Azərbaycanın Avstraliyadakı səfirliyinin əməkdaşı Anar Həsənovdiplomatik xidmətdən geri çağrılıb. O, “qanunsuzluğa, dövlət vəsaitinin mənimsənilməsinə qarşı çıxdığına görə” cəzalandırıldığını deyirdi. XİN isə bildirirdi ki, Həsənov səfirlikdə işlədiyi müddətdə diplomatik xidmətə dair qanunu, nazirliyin əsasnaməsini, əmək müqaviləsini kobud şəkildə pozur, ciddi xidməti qüsurlara yol verirmiş.