”Ölkədəki bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır”

Anar Mammadli Rasul Jafarov Intigam Aliyev
Hüquq müdafiəçiləri bəyanat yayıb
Keçmiş siyasi məhbuslar, hüquq müdafiəçiləri İntiqam Əliyev, Rəsul Cəfərov və Anar Məmmədli Azərbaycanda insan hüquqlarının vəziyyətinə dair birgə açıqlama yayıblar.
Bəyanatda deyilir ki, son illər ölkədə daha da kütləviləşən siyasi təzyiqlər nəticəsində insan hüquqları və demokratiya sahəsində dərinləşən böhranın nəticələrindən ciddi narahatlıq keçirərək, ölkədə tezliklə əhəmiyyətli siyasi tədbirlərin həyata keçirilməsi barədə çağırışlara qatılırlar:
“Biz sonuncu əfv sərəncamını və məhkəmə qərarları ilə 17 siyasi məhbusun azadlığa buraxılmasını müsbət addım saymaqla yanaşı narahatlıqla vurğulayırıq ki, hazırda ölkədə siyasi baxışlarına və tənqidçi mövqeyinə görə onlarla jurnalist, bloqqer, siyasi fəal və dini icmaların təmsilçiləri qanunsuz və sifarişli ittihamlar və məhkəmə qərarları ilə həbsdədirlər. Ölkədəki bütün siyasi məhbusların azadlığa buraxılması barədə yerli və beynəlxalq təşkilatların çağırışlarına həssas yanaşmağın, o cümlədən Avropa Şurası, Avropa Birliyi və digər qurumların bu mövzu ilə bağlı qətnamələrinin icrasının, təxirəsalınmadan siyasi məhbus problemini doğuran səbəblərin aradan qaldırılmasına yönəlik sistem islahatlarına başlanmasının vacibliyini hökumətin diqqətinə çatdırırıq.
Biz ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək hüququ ilə bağlı mövcud durumu ölkəmizin milli maraqları, siyasi perspektivi və demokratik tərəqqisi yönündə ciddi təhlükə hesab edərək,  kütləvi informasiya vasitəlrinin və jurnalistlərin təqib olunmasını,  vətəndaş cəmiyyəti təşkilatlarının fəaliyyətini məhdudlaşdıran qanunların qəbulunu və siyasi partiyalara fəaliyyət imkanlarının təmin olunmamasını ölkə qanunvericiliyinin və Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrin ciddi pozuntusu kimi qiymətləndiririk və bunu Avropa Şurası, BMT, ATƏT və digər beynəlxalq təşkilatların üzvü olan ölkə üçün qəbulolunmaz hesab edirik.
Biz təəssüflə qeyd edirik ki, son bir neçə ildə Azərbaycanın Avropa Birliyinə inteqrasiyası yönündə səylər zəifləyib, ölkənin Şərq Tərəfdaşlığı Proqramında assosiativ iştirakından imtina edilib və Avropa Biriliyi ilə imzalanması elan olunan Strateji Tərəfdaşlıq sazişi barədə məlumatlar ictimaiyyətdən gizlədilib. Eyni zamanda,  hakimiyyətin təzyiqləri nəticəsində vətəndaş cəmiyyətinin Avropa Birliyinə inteqrasiyası yönündə tərəfsiz bir qurum olan Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda təmsilçiliyində müstəqil  qrupların və QHT-lərin iştirakı sıxışdırılıb”.
Siyasi məhbusların bir hissəsi həbsdədir
Siyasi məhbusların bir hissəsi həbsdədir
Açıqlamada daha sonra deyilir: “Biz məhkəmələrin müstəqilliyi sahəsində ciddi problemlərin mövcudluğunu önə çəkərək, Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Məhkəməsinə üz tutan vətəndaşlar barəsində bu məhkəmənin qəbul etdiyi qərarlara hörmət bəsləməyə və onların icrası ilə bağlı öhdəliklərini yerinə yetirməyə çağırırıq.
Biz illərdə məhkəmələrin müstəqilliyi sahəsində ciddi problemlərin olması, vəkillik institutunun zəiflədilməsi,  cəzaların əhəmiyyətli şəkildə sərtləşdirilməsi fonunda getdikcə daha çox insanların cəza sisteminin qurbanına çevrilməsindən narahatlığımızı bildirərək,  geniş Amnistiya Aktının qəbulu barədə ölkə ictimaiyyətinin, yerli və beynəlxalq təşkilatların çağırışlarına qatılırıq.
Biz yuxarıda adıçəkilən istiqamətlərdə problemlərin həllini vacib sayaraq, bu yöndə bütün maraqlı tərəflərlə əməkdaşlığa hazır olduğumuzu və öz keçmiş təcürbəmizə söykənərək, siyasi hüquq və azadlqıların, o cümlədən ifadə azadlığı, sərbəst toplaşmaq və birləşmək, ədalətli mühakimə hüququnun qorunması və təbliğində iştirak edəcəyimizi bəyan edirik.
Biz hesab edirik ki, Azərbaycan xalqının maddi rifahı və tərəqqisi naminə ölkədə etimad yaradan addımlar atılmalı və vətəndaş-dövlət münasibətlərində gərginlik aradan qaldırılmalıdır. Bunun üçün, ilk növbədə, həbsdə olan bütün siyasi məhbuslar azad edilməli, sərbəst toplaşmaq, ifadə və birləşmək azadlıqlarını məhdudlaşdıran hüquqi normativ aktlar təkmilləşdirilməli, məhkəmələrin müstəqilliyinin təmin olunmasına yönəlik islahatlara başlanmalı və Azərbaycanın Avropa Birliyinə inteqrasiyası prosesindən imtina edilməməli, əksinə, bu sürətləndirilməlidir”.