“Yeganə ”cinayətimiz” söz azadlığından istifadə etməyimizdir”

Meydan TV-nin direktoru Emin Milli aprelin 20-də Meydan TV və onunla əməkdaşlıq edən jurnalistlər barədə açılmış cinayət işi ilə bağlı etiraz bəyanatı yayıb. Bəyanatın tam mətni aşağıdakı kimidir: 
Məlum olduğu kimi, ötən ilin sentyabrından etibarən Meydan TV ilə əməkdaşlıq edən müstəqil jurnalistlərə qarşı təzyiq və təqiblər davam etdirilir. İndiyədək istintaq orqanlarına çağrılan, eləcə də sərhəd-keçid məntəqələrində saxlanılaraq polis bölməsinə aparılan jurnalistlərə Meydan TV ilə bağlı suallar ünvanlansa da, konkret heç kimə hansı cinayət işi üzrə dindirildikləri barədə məlumat verilməyib.
Artıq bəlli olub ki, Meydan TV-nin vəzifəli şəxsləri barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.2.2.(qanunsuz sahibkarlıq-külli miqdarda gəlir əldə etməklə), 213.2.2 (külli miqdarda vergiləri ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə-seçkilərin və ya referendumun nəticələri saxtalaşdırmaqla və ya ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi açılıb. Hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 152006048 saylı cinayət işinin istintaqı aparılır.
Meydan TV-nin direktoru olaraq bəyan edirəm ki, biz indiyədək heç bir qanunsuz fəaliyyətlə məşğul olmamışıq. Gördüyümüz bütün işlərin nəticəsi və maliyyə hesabatları vaxtaşırı fəaliyyət göstərdiyimiz ölkənin əlaqədar qurumlarına təqdim olunur. Meydan TV-nin vəzifəli şəxslərinin Azərbaycanda heç bir biznes fəaliyyəti yoxdur. Bütün jurnalistlərlə əməkdaşlığımız yalnız ictimai əsaslarladır. Bu səbəbdən də qanunsuz sahibkarlıq, külli miqdarda vergidən yayınma kimi maddələri absurd hesab edirik.
Meydan TV-nin yeganə məqsədi müstəqil və peşəkar media orqanı olmaq, beynəlxalq konvensiyalar və qaydalar çərçivəsində fəaliyyət göstərməkdir. Bugünə qədər də qarşımıza qoyduğumuz məqsəddən kənar heç bir iş görülməyib. Bizim yeganə “cinayətimiz” söz azadlığı hüququmuzdan istifadə etməyimizdir.
Buna görə də hesab edirik ki, açılan cinayət işi sırf bizimlə əməkdaşlıq edən jurnalistlərin gözünü qorxutmaq, onları Meydan TV-yə informasiya ötürməkdən çəkindirmək məqsədi daşıyır. Halbuki Azərbaycanda Meydan TV adından danışmaq səlahiyyətində olan şəxs yoxdur və heç bir jurnalist bizim fəaliyyətimizə görə cavabdehlik daşımır.
Bir daha bəyan edirik ki, Azərbaycan hökuməti bu cür absurd cinayət işi ilə söz azadlığına, jurnalist fəaliyyətinə əngəl törədir və demokratiya mühitini boğur. Meydan TV rəhbərliyi irəli sürülən ittihamları rədd edir və bundan sonra da fəaliyyətini dayandırmayacaq.
20 aprel, 2016
Emin Milli,
Meydan TV