“Siyasi məhbusların olması ölkəyə zərərdir”

May ayının 6-da yeni fəaliyyətə başlamış “Caspian PlatForum” təşəbbüsündə Böyük Britaniyanın Azərbaycandakı səfiri İrfan Siddiq açıq mühazirədə iştirak edib, dinləyicilərin suallatını cavablandırıb. Tədbirin mövzusu isə “21-ci əsrdə diplomatiya” olub.
Səfir Siddiq çıxışında Qarabağ münaqişəsi, ölkədə investisiya mühiti, siyasi məhbuslar və digər vacib mövzularına toxunub. musavat.cm-un məlumatına görə, səfir çıxışında uğurlu və uğursuz diplomatik danışıqlar təcrübəsindən də danışıb.

 

image
İ.Siddiq keçmişdəki diplomatiya ilə indiki diplomatiya mühitini müqayisə edib. O, bildirib ki, texnologiyanın inkişafı, sosial media, ictimai qınağın diplomatiyaya da böyük təsiri yaranıb. Əvvəllər isə bu kimi amillərin təsiri olmadığını bildirib: “Aprel ayının əvvəlində cəbhə bölgəsində yaşanan gərginlik və çox sayda şəhid verilməsi mayın 10-da keçiriləcək Gül Bayramının keçirilməməsinə səbəb oldu. Bu isə ictimai fikrin, sosial medianın tez bir zamanda hökumətin işinə təsir etdiyinin bariz nümunəsidir”.
“Azərbaycanda vergi, gömrük, məhkəmə sistemində islahatlar aparılmalıdır”
Böyük Britaniya səfirindən Azərbaycanda hər hansı bir invenstisiya yatırmaq üçün təşviq fikrinin olub-olmadığı soruşulduqda o, bildirib ki, investorların Azərbaycan kimi kiçik bazara sərmayə qoymaqları üçün Azərbaycan vergi, gömrük, məhkəmə sistemlərində o qədər cazibədar islahatlar aparmalıdır ki, şirkətlər qoyduqları sərmayənin qorunacağından, hər hansı bir mübahisə yarandıqda məhkəmələrin ədalətli qərar çıxaracağından əmin olsunlar. Əks halda, Britaniyalı investorlarını ölkəyə cəlb etmək çətin olacaq: “Bütün bu sahələrdə Azərbaycanda müəyyən müsbət işlər görülsə də, hələ də problemlər qalmaqdadır və səfir kimi mənim hansısa investora gedib “Azərbaycana sərmayə qoyun” deməyim kifayət qədər çətindir.

image

“Siyasi məhbusların olması ölkəyə zərərdir”
Siyasi məhbuslar, xüsusi ilə də İlqar Məmmədov və Xədicə İsmayılla bağlı suala cavab olaraq cənab səfir bildirdi ki, Azərbaycanda siyasi məhbusların olması ölkəyə zərər, onların azad edilməsi isə fayda verir. O, yaxınlarda həbsdən azad edilmiş şəxslər, İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Arif və Leyla Yunusların nə ölkəyə, nə hökümətə təhlükə törətmədiklərini, əksinə, onların azad edilməsinin ölkənin reputasiyasına faydalı olduğunu bildirdi. O, vətəndaş cəmiyyətinin, müzakirələrin, fikir mübadiləsinin dövləti gücləndirdiyini bildirdi. (ardı aşağıda)

image

 

“Dağlıq Qarabağ münaqişəsini yalnız Azərbaycan və Ermənistan tərəfləri həll etməlidir”
Ermənistan-Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin əldə edilməsi üçün tərəflərin empatiya duymaqlarının vacibliyindən danışan səfir, ATƏT-in Minsk Qrupu həmsədrlərinin yalnız vasitəçi olduqlarını, münaqişəni isə yalnız Azərbaycan və Ermənistan tərəflərinin həll etməli olduğunu bildirdi: “Bu münaqişədə ən böyük problem odur ki, millətlər arasında heç bir münasibət qalmayıb. Hər iki millət əvvəllər qonşu, dost olublar və bir yerdə yaşayıblar. Münaqişə baş verdikdən sonra Azərbaycandan çox sayda ermənilər çıxarıldı. Eləcə də Ermənistanda həmin proses baş verdi. Bu da onların tamamilə əlqəsinin kəsilməsinə gətirib çıxartdı. Mən bu münaqişənin əsas problemini hər iki millətin bir-birinə kin və nifrətlə yanaşmasında görürəm. Buna nümunə olaraq Ramil Səfərovun yatdığı yerdə bir ermənini öldürməsini və Səfərovun Azərbaycanda qəhrəman elan edilməsini göstərə bilərəm. Bunlar həll üsulu deyil”.
“Mən də müsəlman əsilli diplomat kimi ABŞ-a gedə bilməyəcəm?”
ABŞ-da prezident seçkiləri ilə bağlı suala səfir kimi cavab verə bilməyəcəyini, bunun uyğun olmayacağını bildirsə də, cənab səfir “amma onu qeyd edim ki, hansısa namizəd müsəlmanların ABŞ-a buraxılmasına qarşıdırsa, belə çıxır ki, o zaman mən də müsəlman əsilli Britaniya diplomatı kimi ABŞ-a gedə bilmərəm?”, deyib.