“Baltika-Bakı” şirkəti istehsalı dayandırır

Azərbaycanın aparıcı pivə istehsalçısı “Baltika-Bakı” şirkəti avqustun 15-dən istehsalatı müvəqqəti dayandıracağını elan edir.
Son vaxtlar Azərbaycanın pivə bazarında ağır vəziyyət yaranıb: 2015-ci ildə bazarın həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 20%, 2016-cı ilin ilk rübü ərzində isə daha 35% azalıb və bu tendensiya davam etməkdədir. “Bu, ilk növbədə ölkədə yaranmış makroiqtisadi vəziyyətlə və milli valyutanın üzləşdiyi iki devalvasiya ilə bağlıdır. Bunlar əhalinin alıcılıq qabiliyyətinə kritik şəkildə təsir göstərib”, – deyə şirkət qeyd edir.
Bütün bunların fonunda şirkətin biznesinə qanunvericiliyin nizamlaması da təsir göstərir: bu ilin ikinci rübündə suyun tarifikasiya sistemi dəyişilib, bu isə yalnız 2016-cı il ərzində istehsalat xərclərinin 500 min manat artmasına gətirib çıxaracaq. Eləcə də, sentyabrın 1-dən aksiz markası ilə markalanmalı olan malların nağd vəsait ilə dövriyyəsini qadağan edən və mütləq şəkildə öncədən ödəmə tələb edən qanun qüvvəyə minir, bu isə şirkətin məhsulunun satışını çətinləşdirir.
“Qanuna tabe olan və dövlətin “vergi tərəfdaşı” statusuna malik olan “Baltika-Bakı” dövlətin hesablaşmalar və məhsul dövriyyəsinin şəffaflığını artırmaq üzrə səyini dəstəkləyir. Lakin hazırki şəraitdə əlavə nizamlama metodları və şirkətlərin iqtisadi azadlığını məhdudlaşdırma ölkədə biznesin inkişafına olduqca mənfi təsir göstərəcək və xüsusən pivə dövriyyəsi sahəsinin katastrofik ixtisarına gətirib çıxaracaq”, – deyə şirkətdən bildirilir.
Bununla bağlı olaraq, anbardan yük boşalmalarının davam edilməsi ilə pivə istehsalatının və süzməsinin iki ay müddətinə dayandırılması və əməkdaşların boşdayanma rejiminə keçirilməsi haqqında qərar qəbul edilib. “Bu addım şirkətin istehsalat xərclərini azaltmağa və 2016-cı ilin nəticələrinə əsasən şirkətin Azərbaycanda biznesinin rentabelliyini saxlamağa imkan verəcək, o cümlədən də kütləvi ixtisarların qarşısını almağa və maksimal dərəcədə iş yerlərinin qorunub saxlanmasını mümkün edəcək”, – deyə məlumatda vurğulanır.
“Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika-Bakı” şirkəti Azərbaycanda pivə istehsalının lideridir və bazarda 75% paya malikdir.
“Baltika-Baku” pivə zavodu Xırdalan şəhərində yerləşir.  “Carlsberg” Qrupunun tərkib hissəsi olan “Baltika” şirkəti zavodu 2008-ci ildə əldə edib, 2009-cu ilin may ayında isə yenidənqurma işlərindən sonra istifadəyə verib. Zavodun istehsal gücü ildə 10 milyon dekalitr təşkil edir.
Şirkətdə 250 işçi və 400 vasitəçi (distributor, agentlik, icraçı) çalışır. “Baltika-Bakı” şirkətinin dövlət büdcəsinə illik ödəmələri 20 milyon manat, zavodun inkişafına ayırdığı ümumi investisiya isə 47 milyon manat təşkil edir. “Baltika-Bakı” məhsulları pivə sənayesi üzrə Azərbaycan bazarının 75 %-i təşkil edir (2015-ci il). Şirkət “Xırdalan”, “Tuborg”, “Baltika 7”, “Baltika 0”, “Baltika 9”, “Xırdalan Draft”, “Kuler”, “Əfsanə”, “33 Export”, “Jiqulyovskoye Firmennoye” kimi tanınmış brendlər istehsal edir.