Misirin keçmiş prezidentinə 40 il həbs cəzası

Qahirə Cəza Məhkəməsi hərbi çevriliş nəticəsində vəzifəsindən uzaqlaşdırılan prezident Məhəmməd Mursiyə 40 il həbs cəzası verib. Qərarın elan olunması Misir dövlət televiziyası tərəfindən canlı yayımlanıb.
Keçmiş prezident Misirdə terror təşkilatı elan olunmuş “Müsəlman Qardaşları”nı idarə etmək ittihamıyla 25 il, dövlət aid gizli sənədlərin Qatara sızdırılmasına görə 15 il həbsə məhkum edilib. Məhkəmə Morsi haqqında “Qatar üçün casusluq” ittihamına isə bəraət verib.
“Qatar üçün casusluq” işində ittiham olunanlardan 6 nəfərə edam, 4 nəfərə həbs cəzası verilib. Mayın 7-də keçirilən məhkəmədə edama məhkum olunanlardan 3-ü jurnalistdir. Onlardan 2-i Əl-Cəzirənin əməkdaşı olub. Edam cəzası verilənlərdən 1-i isə Əl-Cəzirənin ərəb xidmətinin keçmiş xəbər direktoru İbrahim Halal olub. O, qiyabi mühakimə olunurdu.
Morsinin vəkillərindən biri Usama Helva açıqlama verib ki, ümumilikdə 40 il həbs verilib, ancaq qanunlara görə ömürlük həbs cəzasının tətbiq ediləcək. Əlavə olaraq vəkil qərardan şikayət verəcəklərini bildirib.
Məhəmməd Morsinin müdafiə heyəti məhkəmə qərarını siyasi qərar adlandırıb.
Bundan əvvəl 2015-ci ilin may ayında devrilmiş prezident haqda iki edam qərarı çıxarılmışdı. Sonradan apellyasiya şikayəti verilmişdi.
Nüfuzlu beynəlxalq insan haqları təşkilatları Mursi və digərləri haqda indiyədək çıxarılan qərarları kəskin tənqid edib və onların yenidən mühakimə olunmasını tələb ediblər.