Moody’s Britaniyanın kredit dərəcəsini aşağı saldı

BREXIT
Böyük Britaniyada keçirilən referendumdan və Avropa Birliyindən çıxmaqla bağlı qərar elan olunandan sonra beynəlxalq kredit qiymətləndirmə təşkilatı Moody’s İngiltərənin kredit dərəcəsini “neqativ”ə salıb.
Ölkənin bundan əvvəlki kredit dərəcəsi “stabil” idi.
Moody’s referendum nəticələrinin “qeyri-müəyyənlik müddətinin uzanmasına” səbəb olacağını bildirib. 
Təşkilat açıqlamasında “Brexit” qərarının “orta müddətdə ölkənin iqtisadi böyüməsinə mənfi təsir edəcəyini” və “zəif iqtisadi böyümənin mənfi təsiri ilə İngiltərənin maliyyə planlamasını çətinləşdirəcəyini” qeyd edib.
Açıqlamada həmçinin, Böyük Britaniyanın inkişaf etmiş ölkələr arasında ən çox büdcə kəsiri olan ölkə olduğu bildirilib.
BBC Radio 4-ün “Today” proqramında qonaq olan Moody’s-in yüksək vəzifəli kredit qiymətləndirmə rəsmisi Colin Ellis, ölkənin kredit dərəcəsinin uzun müddətdə səhmdarlara da mənfi təsir edəcəyini bildirib.
Ellis daha sonra deyib ki, meyar olaraq əsasən hökumətin borc nisbəti və iqtisadiyyatda görünən digər faiz dərəcələri götürülür. Aşağı qiymətləndirmə adətən yüksək borclanmaya uyğun gəlir, bu da uzaq perspektivdə yalnız hökumət tərəfindən deyil, işçilər və səhmdarlar tərəfindən da hiss edilir.
Kredit qiymətləndirmə təşkilatının bu qərarı İngiltərənin Avropa İttifaqından çıxmaqla bağlı referendumundan və İngiltərə Baş naziri David Cameronun payıza qədər istefa verəcəyini açıqlamasından sonra verilib.