Sağlam ayağı kəsən cərraha cinayət işi açılıb

Xəstə qadının sol ayağı əvəzinə sağ ayağını kəsən cərraha qarşı cinayət işi açılıb.
Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, iyunun 24-də uzun müddət diabet xəstəliyindən əziyyət çəkən Bakı şəhər sakini, 1929-cu il təvəllüdlü Tərlan Məmmədovanın Səhiyyə Nazirliyinin Xüsusiləşdirilmiş Angioloji Mərkəzində həkim-cərrah Kərimov Valeh Ağalələ oğlu tərəfindən cərrahiyyə əməliyyatı olunarkən sol ayağı amputasiya edilməli olduğu halda, sağ ayağı amputasiya edilməklə sağlamlığına ağır zərər vurulmasına dair Yasamal rayon Prokurorluğuna daxil olmuş məlumat araşdırılıb.
Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və müvafiq ekspertizalar təyin edilib.
Eyni zamanda, Səhiyyə Nazirliyi tərəfindən hadisə ilə əlaqədar xüsusi biliyə malik mütəxəssislər cəlb edilməklə yoxlamalar aparılır.
İş üzrə istintaq tədbirləri davam etdirilir.