“Əksinə, elektrik enerjisinin qiyməti endirilməliydi”

“Azərbaycanda elektrik enerjisinin qiymətləri artmalı deyil. Əksinə qiymətlərin endirilməsində imkanlar var idi”
Bunu ANS TV-də qonaq olan iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. Ekspert elektrik enerjisinin endirim səbəbini belə izah edib:
“Elektrik enerjisinin istehsalında istifadə olunan əsas xammal qazdır. Dünya bazarlarında neftin qiymətinin ucuzlaşması eyni zamanda qazın qiymətinin düşməsinə gətirib çıxarır. Nəzərə alsaq ki, qaz da daxili istehsal məhsuludur elekrtik enerjisinin istehsalı üçün yerli istehsal olan qazdan istifadə edirik. Bu da elekrtik enerjisinin ucuzlaşmasına şərait yaratmalı idi. Lakin bu baş vermədi”.
Ekspert hesab edir ki, elektrik enerjisi yalnız dövlət rayon elektrik stansiyalarında istehsal olunmalı deyil. Onun sözlərinə görə, kiçik su elektrik stansiyaları da qurulmalı idi. Q.İbadoğlu deyir ki, Alternativ enerjilərdən – külək, günəş enerjisindən istifadə edərək qiymətlərin daha da aşağı salınmasına gətirib çıxarıla bilərdi.
“Bundan başqa, elekrtik enerjisini istehsal edən və paylayan şirkətlər “Azərişıq” və “Azərenerji” şəffaf fəaliyyət göstərməlidir. Maliyyə hesabatlarını mütəmadi açıqlamalıdırlar. Bunu isə bir dəfə də olsun görməmişəm”, – ekspert bildirib.