Ərdoğan demokratiya naminə fövqəladə vəziyyət elan edib

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan üç ay müddətinə fövqəladə vəziyyətin tətbiq edildiyini bəyan edib. Bu qərar hərbi çevriliş cəhdinin nəticələrinin tezliklə aradan qaldırılması məqsədilə qəbul olunub. Bu barədə Ərdoğan Təhlükəsizlik Şurasının və Nazirlər Kabinetinin iclaslarının yekunları ilə bağlı bildirib.
“Bu addım heç bir halda demokratiya, hüquq və azadlıqlara qarşı yönəlməyib. Əksinə, məqsəd bu dəyərləri qorumaq və möhkəmləndirməkdir”, – o bildirib.
“Fövqəladə vəziyyətin elan edilməsində məqsəd demokratiyaya, hüquqi dövlətə, vətəndaşların hüquq və azadlıqlarına qarşı təhlükələrin aradan qaldırılmasına yönələn fəal və çevik tədbirlərin həyata keçirilməsidir”, – o vurğulayıb.
Son məlumatlara görə, dövlət çevrilişinə cəhd zamanı 246 nəfər həlak olub, 1536 nəfər yaralanıb. Onların arasında dinc sakinlər, polis və hərbçilər olub.
Hərbi qiyamın yatırılmasından sonra Ərdoğan təmizləmə əməliyyatına başlayıb. Bu, təxminən 43 min təhsil işçisini, 9298 polisi və 6361 hərbçini əhatə edib. Hərbçilərin əksəriyyəti həbs olunub. Ali məktəb müəllimlərinin ölkədən çıxışına qadağa qoyulub.