40 il pulsuz qəbul imtahanı, yoxsa Formula1?

“Ali məktəblərə qəbul imtahanlarının pullu sistemə keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzinin rəhbəri Məleykə Abbaszadənin təklifi Azərbaycan Konstitusiyasına ziddir”.
Bunu Sivil Toplum Platformasının üzvü, hüquq sahəsi üzrə ekspert Ələsgər Məmmədli Turan-ın müxbirilə söhbətində bildirib.
Qəbul imtahanlarına görə ödənişin tətbiq olunması dövlətin Konstitusiya ilə müəyyən edilmiş sosial funksiyalarına ziddir.  İmtahanların verilməsi üçün alternativ pulsuz imkanlar olmadan pullu sistemin tətbiqi Azərbaycan Konstitusiyasını pozur.
Eyni zamanda abituriyentlər indi də 2 manat rüsum ödəyirlər və abituriyentlərin sayının çox olmasını nəzərə alsaq bu, test müsabiqələrinin keçirilməsi üçün yetərlidir.
REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli də imtahana görə ödənişin olmasını əsassız sayıb.
Hər il 100 min nəfər qəbul imtahanı verir, bir nəfər üçün 25 manatdan götürsək (bu məbləği M.Abbaszadə açıqlayıb) ümumi xərclər 2,5 mln. manat edir.
N.Cəfərli qeyd edib ki, hakimiyyət Formula-1 yarışları kimi lazımsız tədbirə üzvlük haqqı olaraq 100 mln. manat xərcləyib. Bu məbləğə 40 il ərzində pulsuz qəbul imtahanları təşkil etmək olar.
N.Cəfərli Almaniya ilə müqayisə apararaq bildirib ki, ötən ildən bu ölkədə ali təhsil tamamilə pulsuz olub, bu, alman dilini bilən əcnəbilərə də aiddir.
“Bax, buna görə də Almaniya  “Mersedes” avtomobilini buraxır, biz isə bu avtomobilin təkərini qara rəngə boyayırıq”, – N.Cəfərli qeyd edib.