ABŞ prezidentləri daha öncə hansı vəzifələri tutublar?

Azərbaycanda gənclərin diqqətini çəkən bir neçə layihənin rəhbəri olan, ictimai fəal, son dövrlər təhsili ilə bağlı Amerikada yaşayan Harvard məzunu Vüqar Salamlı mütəmadi olaraq ABŞ-ın ictimai-siyasi həyatı, qarşıdan gələn prezident seçkiləri və digər maraqlı təəsüratlarını sosial şəbəkələrdə paylaşır. Yazıların daha geniş auditoriya üçün faydalı və maraqlı olacağını nəzərə alaraq sizlərə təqdim edirik.
18 ABŞ prezidenti siyasi karyerası zamanı Konqresmen olub. Onlardan yalnız biri prezident seçkilərində konqresmen kimi iştirak edərək qalib gəlib – Ceyms Qarfild (1881). Con Kuinsi Adams (1825-1829) isə yeganə şəxsdir ki, prezidentlikdən sonra konqresmen olub.
17 prezident daha öncə qubernator olub. 9-u qubernator vəzifəsində olaraq prezident seçkilərində qalib gəlib. Misal olaraq Vudro Vilsonu (1913-1921), Franklin Ruzvelti (1933-1945), Bil Klintonu (1993-2001) və Corc Buşu (2001-2009) göstərmək olar.
16 prezident öncədən senator vəzifəsində olub. Onlardan yalnız üçü senator olaraq prezident seçkilərində iştirak edib və qalib gələ biliblər. Vorren Hardinq (1921-1923), Con Kennedi (1961-1963) və Barak Obama (2009-2017).
14 prezident daha öncə Vitse-prezident vəzifəsi tutub. Onlardan doqquzu sələflərinin ölümündən və ya istefasından sonra prezidentliyə yiyələniblər. Misal olaraq Harri Trumanı (1945-1953), Lindon Consonu (1963-1969) və Cerald Fordu (1974-1977) göstərmək olar.
Vitse-prezidentlik müddətinin bitməsindən dərhal sonra prezident seçkilərində qalib gələnlərə misal olaraq isə Con Adamsı (1797-1801), Tomas Ceffersonu (1801-1809) və Corc Buşu (1989-1993) göstərmək olar.
Riçard Nikson (1969-1974) yeganə şəxsdir ki, prezidentliyə vitse-prezidentlikdən dərhal sonra yox, müəyyən vaxt keçdikdən sonra nail olub.
5 prezident bu vəzifəyə seçkilərsiz yiyələnib. Onlardan yalnız Cerald Ford prezidentlik müddəti bitdikdən sonra seçkilərdə iştirak edib. Onda da Cimmi Karterə məğlub olub.
6 prezident siyasi karyerası zamanı Dövlət Katibi olub. Yalnız üçü prezident seçkilərində bu vəzifədə olaraq qalib gəliblər. Onlar ABŞ-ın dördüncü, beşinci və altıncı prezidentləri Ceyms Medison (1809-1817), Ceyms Monro (1817-1825) və Con Kuinsi Adamsdır.
Daha öncə Dövlət Katibi olan digər üç prezident Tomas Cefferson, Martin Van Burren (1837-1841) və Ceyms Byukenen (1857-1861).