ANS 1 ay müddətinə bağlanıb

Milli Televiziya və Radio Şurası (MTRŞ) ANS Müstəqil Yayım və Media Şirkətinin yayımının iyulun 18-i saat 18:30-dan etibarən 1 ay müddətinə dayandırılması barədə qərar qəbul edib.
Bu barədə MTRŞ saytında məlumat yer alıb. Qərar dünən şuranın iclasında verilib.
Qərarın Türkiyə ilə Azərbaycan arasında strateji tərəfdaşlıq münasibətlərinin pozulmasına yönəlmiş təxribatın qarşısını almaq, açıq şəkildə terrorizmin təbliğatına yol verməmək məqsədilə qəbul edildiyi açıqlanır.
Ötən axşam ANS telekanalının rəhbəri Vahid Mustafayev və onun müavini Mirşahin Ağayev Baş Prokurorluğun Ağır Cinayətlər İdarəsinə çağırılıb və ifadə veriblər.
Məlumatlı mənbələrdənTuran-a bəlli olub ki, onlar  Fətullah Gülənin ABŞ-da keçirdiyi mətbuat konfransı barədə reportaj hazırlamaq ideyası ilə bağlı açıqlama veriblər.
Bundan öncə Milli Teleradio Şurası bu reportajın anons edilməsini terrorizmin təbliği kimi qiymətləndirib və prokurorluğun təqdimatı əsasında ANS-in yayımının dayandırılması barədə qərar çıxarıb.
Xatırladaq ki, Türkiyə hakimiyyəti iyulun 16-da dövlət çevrilişinə cəhdin təşkilində Güləni ittiham edib,  rəsmi Bakı isə Ankaranı dəstəkləyib. Bu fonda Fətullah Gülənə efir vermək ideyası Azərbaycan hakimiyyəti tərəfindən İlham Əliyevlə Ərdoğanın “arasını vurmaq” kimi qiymətləndirilib.
Qeyd edək ki, ANS rəhbərliyi öz ənənəsinə sadiq qalaraq baş verənləri şərh etmir. Həmçinin telekanal dəstək üçün beynəlxalq və yerli ictimaliyyətə müraciət etmir.