Avropa İttifaqı sanksiyaları 2017-ci ilə qədər uzadıb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların müddətini 2017-ci ilin yanvar ayınadək uzadıb.
BBC-nin məlumatına görə, may ayının əvvəlində Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk bildirmişdi ki, sanksiyalar Ukrayna münaqişəsinin həlli üzrə Minsk razılaşmalarının yerinə yetirilməsindən sonra qaldırılacaq.
“Minsk razılaşmalarının yerinə yetirilməsinin dəyərləndirilməsi ardınca Şura sanksiyaların müddətini daha 6 aya, 2017-ci ilin 31 yanvarınadək uzatmaq barədə qərar qəbul edib”, – Aİ Şurasının açıqlamasında deyilir.
Rusiyaya qarşı sanksiyalar 2014-cü ildə qəbul olunub. Onlar Krımın ilhaqı və Ukraynanın şərqindəki münaqişədə Rusiyanın rolu ilə bağlıdır.
Məhdudiyyətlər müdafiə-sənaye, energetika və maliyyə sektorlarına qarşı tətbiq olunur.
Sanksiyalar, həmçinin Krım və Sevastopola qarşı da qəbul olunub.
Rusiya, öz növbəsində, sanksiyaları dəstəkləyən ölkələrə qarşı öz sanksiyalarını elan edib.