Azərbaycanda elektrik enerjisi bahalaşdı

2016-cı il 14 iyul tarixində Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib.
İclasda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin və “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin müraciətləri nəzərə alınaraq elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə qərar qəbul edilib.
Tarif Şurasının keçirdiyi iclasda müəyyənləşib ki, bir kilovat-saat elektrik enerjisinin topdansatış tarifi 4,2 qəpikdən 4,3 qəpiyə, pərakəndə satış tarifi isə 6 qəpikdən 7 qəpiyə qaldırılsın.
Qurumdan yayılan məlumatda deyilir ki, yeni tariflərin region ölkələrindəki faktiki tariflərlə müqayisədə aşağı səviyyədədir.
Tarif tənzimləməsindən sonra əldə ediləcək gəlir müvafiq subyektlərin dövlət büdcəsindən asılılığının azaldılmasına, bu sistemdə çalışan 18 mindən artıq işçinin əmək haqlarının artırılmasına imkan verəcəyi bildirilir.
Yeni tariflər 2016-cı il 15 iyul tarixindən qüvvəyə minəcəkdir. Bu tarixədək istehlak olunan elektrik enerjisinə görə yaranan borclar əvvəlki tariflə ödəniləcəkdir.