Azərbaycanda irqçilik varmı?

Azərbaycanda televiziyalarının birində hava proqnozunu söyləyən əcnəbi qadın efirdən uzaqlaşdırılıb.
Milli Televiziya və Radio Şurası bunu aparıcının nitqindəki “qüsurlarla” əlaqələndirib.
“Space” televiziyasının efirinə çıxarılan əcnəbi aparıcının nitqində müəyyən qüsurlar var. Artıq iyulun 20-dən sözügedən aparıcının başqası ilə əvəz edildiyi müşahidə olunub”, MTRŞ-nin şöbə müdiri Təvəkkül Dadaşov aznews.az saytına bildirib.
O həm də əlavə edib ki, həmin aparıcının nitqini təkmilləşdirərək efirə çıxmasında heç bir problem yoxdur və kanalın qanunvericiliyin tələblərini pozmadan fərqli eksperimentlərdən istifadə etməsi normaldır.
Bundan əvvəl, ölkənin rəsmi qəzetində çıxan bir yazıda bu məsələyə toxunulub.
“Orada [TV] təkcə milli-mənəvi dəyərlər təbliğ olunmur, eyni zamanda, zahiri əlamətlər də yer alır. Məsələn, Azərbaycan məkanındakı telekanalların ekranına baxmaqla Azərbaycan qadınının gözəlliyini duymaq, yaxud Azərbaycan kişisinin xarakterik cizgilərini asanlıqla sezmək olur.”
“…hava proqnozlarını səsləndirməyi gözəlliyi daha qabarıq olanlara etibar edirlər. “Space” telekanalı (adı da “importnı”dı ey!) bu niyyətlə maraqlı “yeniliyə” imza atıb. Qaradərili “afrikalı”ya (bizim onun dərisinin rənginə heç bir etirazımız yoxdur, demokratik düşüncəliyik) Azərbaycanda havanın necə olacağını və nə sayaq dəyişəcəyini deməyi etibar edib!”, dövlət qəzetinin əməkdaşı yazıda bildirib.
Tendai Shereninin təqdim etdiyi hava proqnozu iyulun 18-dən sosial mediada paylaşılıb və bu, muzakirələrə səbəb olub. (ardı aşağıda)

irqçilik

BBC Azərbaycancanın bu hadisələrdən əvvəl “Azərbaycanda irqçilik varmı” sualına cavab verən vətəndaşlar bildirib ki, irqçilik Azərbaycanda çox müzakirə olunan və ya tez-tez rastlaşılan bir mövhum olmasa da, əsas problemlər “cahillikdən” irəli gəlir.
On ildir Azərbaycanda yaşayan nigeriyalı Cek Azərbaycanda yaşayan yüzlərlə başqa irqə məxsus şəxslərdəndir. Burda ali təhsil aldığını və iş qurduğunu bildirən müsahibimiz, irqçilik ifadəsini sevməsə də, Azərbaycanda “cahil insanların” var olduğunu deyir.
“Deməzdim ki, bu irqçilikdir, amma bəzi insanların pis rəftarı ilə qarşılaşmışam. Bu hərəkətlər irqçi hərəkətlər deyil, sadəcə cahillikdəndir”, o deyir və əlavə edir ki, bu “cahil insanlar” fərqliliyi və multikulturallığı başa düşmürlər. Bu da “pis rəftardır”.
Dəyişiklik
Cek azərbaycanlı xanımla ailəlidir və övladları var. Onun sözlərinə görə evliliyinin ilk illərində ona və xanımına qarşı mənfi münasibət var idi.
“Mənfi ifadələr işlədirdilər, anlamaq istəmirdilər ki, həyat yoldaşım niyə qara dərili insanla evlənib”, o bildirir.
Cek qeyd edir ki, onun övladları tez-tez ətrafdakıların onlara niyə fərqli baxdığını və xoşagəlməz ifadələr işlətdiyini soruşur.
“Məktəblərdə gənc insanlara izah edilməlidir ki, belə məsələlərdə daha diqqətli olsunlar”, müsahibimiz əlavə edir.
Müsahibimiz bir çox insanın ona qarşı mehriban davranmasını da inkar etmir. O deyir ki, Azərbaycanda yaşadığı on ildə yaxşı yöndə çox şey dəyişib.
“Olmalı olduğu kimi deyil burda vəziyyət. Amma əvvəlkindən daha yaxşıdır. Düşünürəm ki, hələ gediləsi uzun yol var”, Cek deyir.
On bir ildir Azərbaycanda yaşayan Zeynəb Çen əslən Çindəndir. O, əvvəllər cəmiyyətin ona qarşı xoşagəlməz davranışına şahid olduğunu desə də, artıq bu məsələnin yavaş-yavaş həllini tapdığını düşünür.
O, illər ərzində azərbaycanlıların ona qarşı münasibətinin dəyişdiyini deyir. Müsahibimizin sözlərinə görə, artıq əhalinin 80 faizdən çoxu mehribandır.
Dünyagörüşünün azlığı
Amerikada təhsil almış Şəhla Əliquliyeva bəzi sakinlərdə xarici vətəndaşlara qarşı irqçi hərəkətlər müşahidə etdiyini bildirir. O, bu halı həmin sakinlərin dünyagörüşünün azlığı ilə əlaqələndirir.
Şəhla o fikirdədir ki, dünyagörüşü çox önəmlidir və bunun üçün insanlar çoxlu səyahət etməli və digər millətlərin nümayəndələri ilə ünsiyyətdə olmalıdır.
“Hansısa tanınmış şəxs demişdi ki, tərbiyə, əslində hisslərini gizlədə bilmək bacarığıdır. Yəni sən bir insanı sevməyə bilərsən, amma onu təhqir edə bilməzsən”, o qeyd edir.
Şəhla insanlarda olan fərqliliyə nə müsbət, nə də mənfi şərh verməyi düzgün saymadığını da əlavə edir.
O, başqa irqin nümayəndələrinə hörmətlə yanaşılmasının məktəb vaxtından uşaqlara aşılanmasının tərəfdarıdır.
Gənc fəal Ülvi Həsənli Azərbaycanda bu mövzunun çox aktual olmadığını düşünür. Bunun səbəbini o belə izah edir ki, ölkədə başqa irqə mənsub insanların sayı az olub.
Bununla yanaşı Ülvi hesab edir ki, gələ də digər irqin nümayəndələrinə qarşı xoşagəlməz hərəkət edənlər mövcuddur və bu hərəkətləri onlar ya savadsızlıqdan, ya da ki məlumatsızlıqdan edirlər.
“Küçələrdə qaradərili insanlar görən kimi zarafat edirlərsə, bu irqçilikdir. Amma millətçilik səviyyəsində azərbaycanlılar ermənilərə qarşı belə davranırlar. Bunun da səbəbi Dağlıq Qarabağ münaqişəsidir”, deyir Ülvi.
Səthi irqçilik?
Bir neçə ildir səyahət edən 22 yaşlı Fuad Alqayev bildirir ki, “məsələyə səthi yanaşsaq azərbaycanlıların irqçi olduğunu deyə bilərəm” .
Onun sözlərinə görə, irqçilik əsas milliyətçilikdən irəli gəlir. Azərbaycanda tək millətlər baxımından deyil, həm də ölkə daxili insanları doğulduğu bölgələrə görə xarakterizə etmək var.
“Hər rayon camaatını ona xas xüsusiyyətlərlə özümüzdən aslı olsa da, olmasa da ayırırıq. Məncə sırf irqçilik də belə şeylərdən doğur, artıq irqçilik edəndə bölgə səviyyəsindən milliyət və ölkə səviyyəsinə keçirik”, deyir Fuad.
O, əlavə edir ki, şəxsi təcrübəsinə əsasən, bölgələndirmənin, ayrı seçkilik bir çox dünya ölkələrində var .
Fuad deyir ki, “azərbaycanlıların “irqçiliyi” həmin insanlara qarşı olan davranışlara bir qram belə təsir etmir”.
“Hər irq nümayəndəsinə bir şey qoşub deyirik, amma istənilən millətə də qapımızı açıb çayımıza, çörəyimizə qonaq eliyə, evimizin ən yaxşı otağını, yerini yeri gəlsə qalmağa verə, harasa gedəndə əlini cibinə atmağa qoymarıq”, müsahibimiz belə düşünür.
Fuad illərdi öz evində xarici səyahətçiləri pulsuz olaraq qonaq etdiyini deyir. O, şəhərdən kənarda yaşadığını, amma yaşadığı ərazidəkı sakinlərin heç birindən xarici qonaqlarına qarşı mənfi hərəkət görmədiyini qeyd edir.
“Bəzi xarici dostlarım da olub ki, onlarla rayonları gəzmişəm. Qubanın ən ucqar kəndlərindən, Aran yerlərə qədər heç kim köməkdən boyun qaçırmayıb. Heç kim millətə, irqə görə ayrı-seçkilik etməyib. Yəni bizim irqçiliyimiz səthidi və bizi qatı şəkildə yad insanlara qarşı mənfi hərəkətə sövq etdirəcək qədər deyil”, o bildirir.
Filosof Niyazi Mehdinin sözlərinə görə isə, irqçilik bütün millətlərdə xeyli adam üçün xarakterikdir. Bu səbəbdən də mədəni dünyada onu cilovlamaq üçün mexanizmlər qurulur. O, buna misal olaraq anti-irqçi filmləri xatırladır.
Niyazi bəy onu da qeyd edir ki, Azərbaycanda bu planda ciddi işlər görülmür. Bunun səbəblərindən biri də, ölkədə başqa irqlərin nümayəndələrinin çox olmamasıdır.