“Azadlıq” qəzetinin direktoru təqib olunur

“Azadlıq” qəzetinin direktoru Faiq Əmirov naməlum şəxslər tərəfindən izlənildiyini bildirib.
Bu barədə “Azadlıq” qəzeti məlumat yayıb. F.Əmirov iyulun 2-i öz maşını ilə işə gedərkən qara rəngli, 90 CD 674 nömrə nişanlı “Hundai Accent” markalı avtomobillə təqib olunduğunu müşahidə edib.
Avtomobildəkilər F.Əmirovu bütün hərəkət traektoriyası üzrə təqib edib, F.Əmirov dayananda isə dayanıb onu gözləyib.
F.Əmirov hazırda da tanımadığı adamların həmin maşınla onu izlədiyini bildirib.
Yaranmış vəziyyətlə bağlı “Azadlıq”ın rəhbərliyi Daxili İşlər Nazirliyini məlumatlandırıb.
Eyni zamanda Mətbuat Şurasının sədri Əflatun Amaşova da məlumat verilib və o, öz növbəsində DİN rəhbərliyi ilə əlaqə saxlayaraq, bundan narahatlığını bildirib.
Qəzetin rəhbərliyi F.Əmirova qarşı hansısa təxribatın hazırlana biləcəyindən narahatdır.