Bakıda avtobus və yük maşını toqquşub – 21 yaralı, 5-i reanimasiyada (fotolar)

Bu gün Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.
APA-nın məlumatına görə,  171 saylı marşrut üzrə hərəkət edən “Daewoo” markalı avtobusla “Shacman” markalı yük maşını toqquşub.
Nəticədə yük maşını yoldan çıxıb, avtobus isə aşıb. Qəza nəticəsində 21 nəfər xəsarət alıb. Onlar 3 saylı şəhər klinik xəstəxanasına yerləşdiriliblər. Bakı şəhər Təcili və  Təxirəsalınmaz Yardım Stansiyanın baş həkimi Rauf Nağıyev bildirib ki, hadisə yerinə 18 təcili yardım briqadası göndərilib. 1 nəfərə hadisə yerində ilkin tibbi yardım göstərilib, 14 nəfər isə təcili yardım maşınları ilə 3 saylı şəhər klinik xəstəxanasına göndərilib. Digər yaralılar isə minik avtomobilləri ilə xəstəxanaya aparılıblar.
3 saylı şəhər klinik xəstəxanasından APA-ya bildirilib ki, xəstəxanaya 21 yaralı daxil olub. 14 yaralıya tibbi yardım göstərilib və onlar evə buraxılıblar. Yaralılardan 2-i xəstəxanada travmatologiya şöbəsinə, 5 yaralı isə reanimasiya şöbəsinə yerləşdirilib. Reanimasiya şöbəsinə yerləşdirilən 5 yaralının durumu stabil orta-ağırdır.

avtobus qəzası1 avtobus qəzası2 avtobus qəzası3 avtobus qəzası4