Dünyanı fəth edən yeni “din” – Rahil Sayadoğlu

 “Küçədə gəzəndə artıq insanlar bir-birinin üzünə baxmır. Qulaqlarındakı musiqiyə, əllərindəki alətə fikirlərini cəmləyirlər. Gənc nəsil üçün əsl risk budur.Təklik riski.”
Umberto Eko
İtalyan yazıçı Umberto Eko hələ bir neçə il öncədən qələmini “başına keçirib” hayqıranda ki, “insanlar ictimai yerlərdə bir-birinin üzünə baxmır, hamının gözü o androidə qalmış telefona zillənib və bu cəmiyyətdə yeni sindrom, yeni tendensiya, yeni risklər yaradır”, onda onun bu sözlərini bir çoxları qəribçiliyə salırdı və deyirdilər ki, müasir insan bu gün cəmiyyətin ünsiyyət, informasiya, münasibət, əyləncə kimi tələbatlarını böyük ölçüdə ödəyə bilən sosial şəbəkələrə niyə də vaxt ayırmasın? Axı bunun nəyi pisdir?
Eko isə deyirdi ki, “həyatda dostu olmayan insanlar yaradıb sosial şəbəkələri. Real həyatda “dostluq böhranı” yaşayan bu cür insanlar bu böhranı virtual həyatda minlərlə dosta sahib olmaq imkanı ilə yenməyə cəhd etdilər.”
Əvəzində nə baş verdi? Real dostluğu olan insanlar da bu axına qoşulub üzü virtuallığa doğru sürətlə yol aldılar.
“Feysbuku çıxardanın atasına lənət”
Bu gün dünyada 1.2 milyard facebook istifadəçisi var. Saxta, “ölü” və passiv hesabları çıxsaq, ən azı 1 milyard insan fəal şəkildə “üz”ünü (face) bu “kitab”a (book) tutub. Facebooka “daş qoyan” Mark Zükerberq bununla 19 milyard dollarlıq sərvətə sahib olub. Bəs dünya bu yaradılışdan nə qazandı, nə itirdi? Sosial şəbəkələr həyatımıza hansı istiqamətlərdən daxil oldu? Nələri apardı, nələri gətirdi?
Məsələyə ailə-cəmiyyət müstəvisindən baxsaq, təbii ki, münasibət nəslə görə dəyişir. Gənc nəsil daha çox qazanır və itirir. Çünki fəal sosial şəbəkə istifadəçiləridir. Orta yaşlı və yaşlı nəsil isə daha çox “afacebookist” (“apolitik”, “ateist” sözlərinin bənzəri) təbəqədə təmsil olunur. Ona görə də onların itkiləri və qazancları ya yoxdur, ya da gözə çarpmır.
İtirən və qazanan isə gənclərdir. Gənc ruhlu orta yaşlıları da bura aid etmək olar. İtkilər deyiləndə nələr nəzərdə tutulur? Xəyanətlər, boşanmalar, ictimai qınağa məruz qalmaq, mübahisə-savaşa gətirib çıxaran paylaşımlar, vaxt itkisi, biraz da maddi itki və s.
Qazanc siyahısına baxaq: karyera, maddi gəlirin artması, məşhurluq, dünyadan anında xəbər tutmaq, dünyanın istənilən nöqtəsi ilə istənilən vaxt əlaqə qurmaq, yeni sevgi-ailə-dostluq münasibətləri və s.
Sosial mediadan fəal şəkildə istifadə edən insanlar adətən “itki”lərin fərqinə varmadan “qazanc” ardınca getməyə meylli olurlar.Bu da səbəbsiz deyil. Məsələn, bir neçə saatını, yaxud gününü itirən adam əvəzində bir ömür boyu xoşbəxt yaşaya biləcəyi tərəf müqabilini tapır. Yaxud milli valyuta ilə ifadə etsək, bir neçə qəpiyini (manatını) itirən adam əvəzində çox yüksək gəlirli bir iş elanı ilə tanış olub gələcəyi üçün uğurlu karyera qurur və s.
Göründüyü kimi qazanılan nəsə itirilən nəsədən daha cazibədar, daha çəkili görünür. Geridə buraxılan hər itki isə növbəti itkiyə qarşı immunitet sistemini yaradır və gücləndirir. Məsələn, sosial şəbəkələrdə bir dəfə ifşa, yaxud təhqir olunan adam növbəti analoji hadisəni nisbətən sakit qarşılayır.
Beləliklə itkilərə qarşı immun sistemin güclənməsi və sosial şəbəkələrə alternativin olmaması ondan asıllığı gücləndirir. Daha enerjili olan gənc nəsil virtual dünyada daha da sürətlə irəliləyir, həyat enerjisi azalmaqda olan orta yaşlı və yaşlı nəsil isə bu sürətin fonunda dəstədən geri qalan yaralı hərbçini xatırladır.
Buna görə də “yuxarılar” (həm vəzifə-status baxımından, həm də yaş baxımından bizdən böyüklər) “aşağılar”ın (gənc nəslin) sosial şəbəkə sevgisini (yaxud asıllığını) asanlıqla həzm edə bilmir. Bu narazılıq müxtəlif şirkət və idarələrdən ailələrə qədər ən müxtəlif sferalarda özünü göstərir. Məsələn, təxminən 5 il əvvəl aparılan araşdırmalara görə, Amerikada özəl şirkətlərin 50 %-dən çoxu iş vaxtı əməkdaşlarına sosial şəbəkələrdən istifadəni qadağan edib. Onlar sosial şəbəkələrin işçilərin faydalı iş əmsalına mənfi təsir göstərdiyini iddia edirlər. Azərbaycanlı ailələrdə isə bu narazılıq telefon, yaxud kompyuter qadağasından tutmuş “facebooku çıxardanın atasına lənət” milli qarğışına qədər müxtəlif formalarda təzahür edir. Amma bu qarşısıalınmaz bir prosesdir.
Tarix boyunca təbiətə qarşı savaş açmış, onun qanunlarını, təbii axınını dəyişdirməyə cəhd etmiş insan övladı hər zaman məğlubiyyətlə üzləşib. İnternet-sosial şəbəkələr də bu gün dünyanın təbii düzənini əks etdirir. Bu təbiiliyə qarşı çıxan, onunla döyüşən müasir insan gec-tez uduzacaq və kor-peşman gedib özünə yeni facebook hesabı açaraq axına qoşulacaq. Çünki bu axından kənarda qalmaq “kütlə içində təklik” psixoloji vəziyyətinə gətirib çıxarır. Bununla ayaqlaşmaq isə müşkül məsələdir.
“Çəkilin kənara, indi televiziya ilə “facebook” vuruşaceylar”
Sosial şəbəkələrin həyatımıza gətirdiyi digər yenilik informasiya təminatı ilə bağlıdır. Bu elə ən çox nəzərə çarpan istiqamətdir. Bəzən ənənəvi media ilə (TV, radio, qəzet və s.) sosial medianın müqayisəsini absurd hesab edirlər. “Telekanal hara, məsələn twitter-facebook hara”. Halbuki ilk televiziya yayımının heç bir əsr tarixi yoxdur. Yəni TV kanalı çap maşını, yaxud yun parça deyil ki, tarixi əsrlərlə hesablansın. Televiziya kanalı da sosial şəbəkələr kimi son dövrlərin məhsuludur (1929-1936, İngiltərə). Ona görə də ənənəvi media ilə sosial medianın müqayisəsi tamamilə normaldır.
Amma ənənəvi media bu gün bu müqayisədən, ümumiyyətlə arada yaranan rəqabətdən yaman narahatdır.Maraqlı bir misal: deməli CNN 7 əcnəbi dildə, dünyanın 200-dən çox ölkəsində yayımlanan, 30-dan çox ölkədə xəbər bürosu olan və Amerika tarixinin 24 saat canlı xəbər yayımına imza atan ilk TV kanalıdır. CNN-nin tamaşaçı auditoriyası və reytinqlə ilə bağlı heç bir korluq çəkmədiyi aydın məsələdir. Amma buna baxmayaraq CNN kimi nəhəng “media planeti” belə sosial şəbəkələrlə rəqabətdə uduzmamaq üçün real addımlar atır. Rəhbərlik CNN-nin rəsmi internet saytında “I-report” xidmətini istifadəyə verib. Bu xidmət dünyanın istənilən nöqtəsindən hansısa ictimai əhəmiyyəti olan hadisələrə dair foto, video və məlumatı paylaşmağa imkan verir. Xidmətin 1 milyona yaxın istifadəçisi var. Nəyin göstəricidir bu? CNN çox gözəl bilir ki, onsuz da milyonlarla insan gündəlik olaraq sosial şəbəkələrdə lazımlı nəsə paylaşır. Başqa sözlə, sosial şəbəkələrdə müşahidə olunan paylaşım və xəbər axını qarşısıalınmaz sel kimidir. Ona görə də mədəni surətdə deyir ki, “ay dünya sakini, hazırda yaşadığın ərazidə baş verən hadisənin foto-videosunu, yaxud məlumatını facebookda, instagramda paylaşınca, elə göndər bizə, biz paylaşaq.” Bu informasiya təminatında sosial şəbəkələrlə açıq-aşkar rəqabətə girmək deməkdir.
Yaxud başqa bir nümunə: xəbər yayımı ilə ciddi şəkildə məşğul olan müasir telekanalların əksəriyyətində efirdə nə getməsindən asılı olmayaraq(reklam bloku istisnadır) daimi “qaçan” yaxud, “dayanan” sətirlər göz qamaşdırır. Bir daha deyirəm, efirə gedən məhsulun formatından asılı olmayaraq yenilənən xəbərlərin mətni ən müxtəlif rənglərdə və çərçivələrdə ekrana çıxır, başqa sözlə desək, tamaşaçının “gözünə girir”. Bu nəyin göstəricisidir? Mədəni yolla deyirlər ki, “ay dünya sakini, ay tamaşaçı, sən daim yenilənən xəbərlərin ardınca sosial şəbəkələrə qaçma. Biz xəbər təminatında virtual aləmdən heç də geri qalmırıq. Siz bizi izləyərək də yenilənən xəbərlərdən anındaca tanış ola bilərsiniz.” Bəli, bu sürətli informasiya rəqabətində sosial medianı üstələmək cəhdidir.
Uzağa getməyək, götürək elə ölkəmizdə fəaliyyət göstərən TV kanallarını. Bu gün kanalların rəhbərlərini hələm-hələm səbəb kreslosundan qaldırıb həyəcanlandırmaz. Amma türklər demiş, söz konusu sosial şəbəkələrdirsə, onlar kreslosundan da qalxar, həyəcan da keçirər, “bizim haqda nə yazırlar?” kimi əndişəli suallar da verər, hələ üstəlik hansısa foto, video, yaxud məlumatın virtual dünyada(n) paylaşılması/silinməsi istiqamətində müxtəlif yolların axtarışına da çıxarlar.
Bir də ki, bilirsiniz necədir? Hadisə yerindən ilk və doğru xəbəri əldə edib yaymaq hər bir media qurumunun əsas məqsədidir. Əgər sən kameranı, mikrofonunu götürüb maşına oturub hadisə yerinə gedənəcən, məsələn, Qubanın Nügədi kəndində oturan bir gənc hadisədən çəkilmiş eksklüziv görüntünü admini olduğu “facebook” səhifəsində paylaşırsa, bu artıq sürətli xəbər təminatında TV kanalının “facebook” səhifəsinə məğlubiyyəti deməkdir. Ona görə də telekanallar sosial şəbəkələrə ağız büzmək əvəzinə, onların nazı ilə oynamağa çalışırlar, çalışmalıdırlar. Çünki ayrı yolları yoxdur. Əks təqdirdə, hakim (tamaşaçı) 9-a qədər saysa da, yerə uzanan idmançı (telekanal) yerindən dura bilməz.
“Dünyasını dəyişən” dünya
Yaşadığımız dünya bəşər övladı üçün tarixin əksər dövrlərində o qədər əlçatmaz və nəhəng bir varlıq olub ki, “dünya” özü bir söz olaraq ucsuz-bucaqsızlığı, böyüklüyü ifadə edən ölçü vahidi kimi də istifadə olunub (“dünyalar qədər sevirəm”, “bir dünya işim var” və s.). Amma zaman keçdikcə yeni bir dünya ortaya çıxdı. Sosial şəbəkələr, yaxud ümumilikdə götürsək virtual dünya. Bu virtual dünya ölçü vahidi kimi işlənən “dünya”nı “öldürdü”. Məhz texnoloji yeniliklərin sayəsində əlçtazmaz olan dünya bir an içində əlçatan oldu. Məsələn, Şəmkirin Seyfəli kəndində oturub İndoneziyanın Cirebon qəsəbəsi ilə skype bağlantısı qura biliriksə, deməli dünya düşündüyümüz kimi əlçatmaz deyil. Onu əlçatmaz edənəsas səbəblərdən biri də məhz sosial şəbəkələrdir.
Dünyadan söz düşmüşkən, sosial şəbəkələrin qloballaşan dünyaya təsirləri də hər kəsə məlumdur. Bircə foto, video, yaxud bircə statusla minlərlə insanın küçələrə, meydanlara axışdığının, dünyanın geosiyasi xəritəsini dəyişdirdiyinin artıq şahidi olmuşuq və güman ki, bundan sonra da olacağıq. Sosial şəbəkələr dünyada hökumətlərin, qurumların, rəhbərlərin – bir sözlə “yuxarılar”ın mübarizə aparmaqda və məğlub etməkdə çətinlik çəkdiyi yeganə qüvvədir. Sən müasir insanı yalnız adaya, meşəyə sürgün etməklə onu internetdən təcrid edə bilərsən. Bütöv xalqı isə internetdən məhrum etmək mümkünsüzdür. Hardasa ən azı bircənəfər də olsa bir adamhansısa yolla internet əldə edib dünyaya xəbər verə, dünyadan xəbər ala biləcək. Mütləq bacaracaq bunu. Ona görə hökumətlər (yaxud rəhbərlər) də sosial şəbəkələrin nazı ilə oynamağa məhkumdur ki, aşkar məğlubiyyətdən müəyyən mənada yaxa qurtara bilsinlər. “Bəladan yaxa qurtarmaq mümkün deyilsə, o bəla ilə dostlaşmaq lazımdır” məsələsini xatırlayaq. Yaxud “qadın kişiyə tabe olmaqla onu idarə edə bilər” prinsipi. Sosial şəbələlərə tabe ol ki, onu nəzarətində saxlaya biləsən.
Və yeni “din”
Bu qədər üstünlüyə (gücə) sahib olan sosial şəbəkələr təbii olaraq hal-hazırda dünyadadominantlığı ələ keçirib. İnsanlar çox gözəl başa düşür ki, ondan qurtulmaq mümkün deyilsə, ondan həzz almaq lazımdır. Ən böyük çarəsizlik isə alternativsizliklə bağlıdır. Yaşadığımız dünyaları sıralara bölək.
  1. Real dünya.
  2. Virtual dünya.
Real dünyamız var. Real dünyamıza nüfuz edən virtual dünyamız var. Amma 3-cü sıra boşdur. Virtual dünyanın alternativi yoxdur. Kütləvilik və dominantlıq da məhz bundan doğulur. (Bəlkə də ağlınızdan keçdi ki, 3-cü sıraya “o biri dünya” variantını yazmaq olar, amma bu alternativ hesab oluna bilməz).
Beləliklə,“dünyaya gələn sonuncu din İslam, sonuncu kitab isə Qurandır” deyirlər. Sonralar bu fikri obrazlı şəkildə başqa mövzuda istifadə etdilər: “dünyaya gələn sonuncu “din” demokratiya, sonuncu kitab isə ABŞ “İstiqlaliyyət Bəyannaməsi”dir. Mən isə demokratiya carçılarından və inanclı kəsimdən üzr istəyərək, məşhur deyimi bir başqa formada ifadə etmək istəyirəm:
“Dünyaya gələn sonuncu “din” sosial şəbəkələr, sonuncu “kitab” isə “ÜzKitabı”dır. (“Face” “book”)
Bu yeni dindir. Allahın dünya ilə “texnoloji dil”də son təması, son ünsiyyətidir. Bu “din” də sələfləri kimi qurbanlar verir və nailiyyətlər bəxş edir. Sadəcə minimal itki ilə maksimal qazanc əldə etməyi bacarmaq lazımdır.
M.Zükerberq “like”nızı qəbul etsin.
Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Abzas.net-in mövqeyi ilə üst-üstə düşməyə bilər.

 

MƏNBƏAbzas.net
Əvvəlki məqaləMərkəzi Bank hərracda banklardan vəsait cəlb edib
Növbəti məqalədəTürkiyədə partlayış törədilib, üç polis şəhid olub