Avropadan yayımlanan “Azərbaycan Saatı” proqramı mərhum jurnalist Elmar Hüseynov haqqında film hazırlayıb.
Filmin yaradıcıları sosial şəbəkələrdə filmin anonsunu yayıblar. Elmar Hüseynovun öldürülməsinin 11-ci ildönümünə həsr edilən “Sözün qətli” adlanan filmdə dünyada terror qurbanları olan jurnalistlər də xatırlanır.
AzadlıqRadiosunun məlumatına görə, yaradıcıları filmi Elmar Hüseynovun ad günü ərəfəsində yayacaqlar.
Elmar Hüseynov 1967-ci ilin iyulun 17-də Bakıda doğulub. O, jurnalist fəaliyyətinə 1995-ci ildə “Zerkalo” qəzetində başlayıb.
1996-cı ildən tənqidi məzmunlu “Monitor” jurnalının çapına başlayıb.
E. Hüseynov 2005-ci il martın 2-də evinin qarşısında odlu silahla öldürülüb. Qətlin sifarişçiləri və icraçıları, hələ də, həbs edilməyib. Jurnalistin həyat yoldaşı və azyaşlı oğlu onun ölümündən sonra Norveçə mühacirət ediblər.