Elmar Hüseynovun doğum günüdür – fotolar

Bu gün jurnalist, “Monitor” jurnalının baş redaktoru mərhum Elmar Hüseynovun doğum günüdür. Yaşasaydı 49-cu yaşını qeyd edəcəkdi.
17 iyul “Monitor” jurnalının baş redaktoru, 2 mart 2005-ci ildə evinin qarşısında güllələnərək öldürülən Elmar Hüseynovun doğum günüdür. Hər il olduğu kimi bu dəfə də yaxınları və sevənləri mərhum jurnalisti məzarı başında yad edəcək.
Azərbaycan hakimiyyətinə qarşı sərt tənqidi yazıları ilə tanınan Elmar Hüseynov, 2 mart 2005-ci ildə evinə gedərkən yaşadığı binanın blokunda güllələnmişdi. Hadisənin üstündən 10 ildən çox vaxt keçməsinə baxmayaraq qətlin üstü hələ də açılmayıb. Elmar Hüseynovun qətlində hüquq-mühafizə orqanları Gürcüstan vətəndaşları Teymuraz Əliyevi və Tahir Xubanovu ittiham edir. Gürcüstan hakimiyyəti isə bununla bağlı onların günahını sübuta yetirən dəlillər təqdim olunmadığını bildirib. Elmar Hüseynovun yaxınları və müxalifət jurnalistin qətlində Azərbaycan hakimiyyətini günahlandırırlar.
Elmar Hüseynov 1967-ci ildə Bakıda anadan olub, 1983-cü ildə Əzizbəyov rayonundakı 234 saylı orta məktəbi bitirib və elə həmin il Azərbaycan İnşaat Mühəndisləri Universitetinə daxil olub. 1985-1987-ci illərdə sovet ordusunda xidmət edib. Elmar Hüseynov 1995-ci ildən etibarən jurnalist fəaliyyətinə başlayıb. Həmin ildə də “Trend” analitik-informasiya agentliyini, 1996-cı ildə isə “Monitor” jurnalını təsis edib. “Bakinski bulvar”, “Bakinskiye vedomosti” qəzetlərinin təsisçisi olub. Qətlə yetirilən zaman Monitor jurnalının naşiri və baş redaktoru idi. Cinayətin üstü indiyədək açılmayıb.
2006-cı ilin sonlarında həyat yoldaşı Ruşaniyə Hüseynova oğlu Aslanla birgə Norveçə mühacirət edib.
elmar huseynov Elmar Hüseynov elmar huseynov ruşaniyə huseynova elmar hüseynov