Erebuni mühasirəsi: Yerevanda nə baş verir?

Commonspace.eu saytının siyasi redaktoru Ermənistan paytaxtında iyulun 17-dən bəri polisin post-patrul xidmətinin (PPX) binasını ələ keçirmiş dəstədən yazıb.
PPX binasını ələ keçirənlər bütün girovları azad etsələr də, özləri silahı yerə qoymayıblar.
Məqalədə deyilir ki, bundan sonra girov böhranı mühasirəyə çevrilib. Erebuni mühasirəsinə.
PPX binasını Ermənistan təhlükəsizlik qüvvələri mühasirəyə alıb, amma bir qədər aralıda mühasirədəkilərlə fasiləsiz olaraq həmrəylik nümayiş etdirən etirazçılar toplaşır.
İndiyədək Ermənistanın hakimiyyət orqanları vəziyyətə təmkinlə yanaşıb. Binaya basqın, xüsusilə də indi, orada girovların qalmadığı bir vəziyyətdə, real variantlardan biridir. Lakin hökumət qan tökülməsini istəmir, əksinə binadakılarla həmrəylik göstərən etirazçılara qarşı zorakılığa əl atmış polislərin cəzalandırılacağını vəd edib. Əlbəttə vədə əməl edilib-edilməyəcəyi bir başqa məsələdir.
Ötən şənbə silahlı dəstəyə mətbuatla danışmaq imkanı verilib. Bu, qalan girovların azad edilməsi üçün əsas şərt idi. Ümumilikdə isə özlərini “Sasun igidləri” adlandıran qrup üzvlərinin iki əsas tələbi var: Siyasi məhbusların, ələlxüsus də liderləri olduğunu dedikləri Jirayr Sefilyanın azad edilməsi və prezident Serj Sarkisyanın istefası.
Məqalədə deyilir ki, son on gündə yaranmış suallardan biri də silahlı dəstə üzvlərinin kimliyi və onların son məqsədlərinin nə olmasıdır. Şənbə günü keçirilmiş mətbuat konfransında qrup son məqsədini aydın şəkildə açıqlaya bilməyib və buna görə də dəstənin son məqsədi barədə saysız şaiyələr yaranıb. Bəziləri deyirlər ki, bu insident Dağlıq Qarabağ münaqişəsinə dair hazırkı danışıqlarla və bu danışıqlarda Ermənistanın bir sıra işğal olunmuş əraziləri boşaltması perspektivi ilə birbaşa bağlıdır. Bu yanaşma Jirayr Sefilyanın ideyaları baxımından inandırıcı görünür.
2010-cu ilin iyulunda Sefilyan Britaniyanın LİNKS təşkilatının araşdırmasında iştirak etmişdi. O zaman Sefilyan Sardarapat hərəkatının sözçüsü qismində müsahibə vermiş və özünü “Şuşanın azad edilməsində əsas rol oynamış xüsusi batalyonun baş komandanı” kimi təqdim etmişdi. 1999-cu ilədək o, Müdafiə Nazirliyində bir sıra yüksək vəzifələr də daxil orduda xidmət etmişdi.
Sefilyan həmin müsahibədə demişdi ki, Sardarapat təşkilatının mövqeyinə görə heç bir Dağlıq Qarabağ münaqişəsi mövcud deyildir və münaqişə Ermənistanla Azərbaycan arasındadır. Onun fikrincə qalan gərginlik başqa həllini tapmamış məsələlər, o cümlədən Naxçıvan ərazisi ilə bağlı idi.
Hərəkatın mövqeyinə görə Ermənistanla Dağlqı Qarabağın birləşməsi məsələsi tezliklə həll olunmalı idi. Sardarapat hesab edirdi ki, Ermənistan 1992-ci ildən bəri yanlış siyasi xətt götürüb, çünki Dağlıq Qarabağı Azərbaycanla ayrıca predmet olaraq müzakirə etməyə başlayıb.
Sefilyan bildirmişdi ki, Sardarapat bütün bunlara görə 1994-cü ildə yaranmış status kuo-nun saxlanması tərəfdarıdır. Bu statusun hər hansı bir şəkildə dəyişdirilməsi erməni xalqının maraqlarına ziddir.
Lakin burada da bəzi suallar qaranlıq qalır. Məsələn, Sefilyan doğrudanmı Erebunidəki silahlı dəstəni dəstəkləyir?
Bəzi erməni təhlilçilər, o cümlədən Markar Melkonyan hetq.am saytında yazır ki, “görkəmli vətənpərvər və hazırda həbsxanada olan Sefilyanı məsuliyyətsizliklə hərəkət edən bu dəstə ilə bağlamaq düzgün olmazdı”.
Melkonyan hesab edir ki, mühasirədə əsas məqsəd Yerevanın Moskva ilə münasibətlərini tamamilə pozmaqdır.
Burada hökumət üçün də böyük bir dilemma var. Hakimiyyət bir tərəfdən qarşıdurmaya çevik bir şəkildə son qoymaq istəyir, digər tərəfdən isə qan tökülməsinin daha geniş reaksiyaya səbəb olacağından ehtiyat edir.
Məqalədə deyilir ki, prezident Sarkisyan hazırda pat vəziyyətindən çıxmaq məqsədilə zəruri güzəştlərə getməsi üçün həm Rusiya, həm də beynəlxalq birlik tərəfindən təzyiq altındadır. Lakin tələblərdən ən əsasının onun istefası olduğu halda bunu etmək o qədər də asan deyildir.
Bu da qeyd olunur ki, 1990-cı illərdə baş vermiş Qarabağ müharibəsinin qəhrəmanları Azərbaycandan fərqli olaraq Ermənistanın siyasi həyatında sanballı söz sahibləridirlər.
Yazının orijinalı bu linkdədir.