Ermənistanda qiyamçılara dəstək aksiyası keçirilib

Yerevanda yüzlərlə vətəndaş yürüşlə gecə yarısı bazar günündən bir dəstə müxalif hərəkat üzvləri tərəfindən ələ keçirilmiş polis post-patrul xidməti alayı binası yaxınlığında toplaşıblar.
Aksiyanın məqsədi hüquq-mühafizə qüvvələri tərəfindən polis obyektinə hücum edib, bir neçə polisi, o cümlədən, Ermənistan polis rəisi və Yerevan polis rəisi müavinlərini girov saxlayan bu dəstəyə qarşı güc tətbiq edilməsinə yol verməməkdir.
Nümayişçilər bəyanatla çıxış edib əhalini “qan tökülməyə yol verməmək üçün birləşməyə” çağırıblar.
Ərazi polis tərəfindən mühasirəyə alınıb
Ərazi polis tərəfindən mühasirəyə alınıb
“Vəziyyətin ciddiliyini nəzərə alaraq, polis həmləsinə yol verməmək üçün, qardaşlarımızın qanını tökməyə imkan verməmək üçün bütün soydaşlarımızı bizə birləşməyə çağırırıq”, – fəallardan biri bəyan edib.
İzdiham “Azad, müstəqil, ədalətli Ermənistan!”, “Qəhramanlarımızın qanını tökməyə qoymarıq!” səsləyib.
Digər aksiya iştirakçısı deyib: “Bu oğlanlar (polis post-patrul binasını ələ keçirənlər) öz həyatlarını bizim hamımızın daha yaxşı gələcəyi naminə təhlükə altına qoyublar. Onlar terrorçu deyil. Terrorçunun necə olduğu və nə etdiyini hamımız bilirik. Onlar ümidsizlikdən bu addımı atmağa məcbur olublar”.
Bəziləri ölkədə korrupsiyanın, özbaşınalığın, qohumbazlığın, ədalətsizliyin baş alıb getdiyi, seçki yolu ilə hakimiyyət dəyişikliyinin mümkün olmaması və əhalinin ölkəni tərk etməyə məcbur olmasında “silahlı dəstə” deyil, mövcud hakimiyyətin günahkar olduğunu xatırlatdılar.
Mitinqdə polis əməkdaşlarını girov saxlayan “oğlanlara” dəstək və təsəlli, ölkə prezidentinin istefası tələbləri səsləndi
Mitinqdə polis əməkdaşlarını girov saxlayan “oğlanlara” dəstək və təsəlli, ölkə prezidentinin istefası tələbləri səsləndi
Ermənistanın dövlət televiziya kanalları polis post-patrul xidməti alayına silahlı hücum edən dəstəni terrorçu adlandırır. Hüquq-mühafizə orqanlarının bəyanatlarında da onların hərəkətləri terror kimi səciyyələndirilir.
Silahlı dəstə tərəfindən ələ keçirilən bina Yerevanın Erebuni rayon polis şöbəsi və məhkəməsi yaxınlığında yerləşir. Ərazi hər tərəfdən polis tərəfindən yük maşınları ilə bağlanıb. Nümayişçilərlə yük maşınları arasında polis bir neçə sıradan ibarət canlı divar yaratmışdı.
Girov saxlayan “qiyamçılar” radikal müxalif Müəssislər Məclisi təşkilatının rəhbəri Jirayr Sefilyanın həbsdən azad edilməsini tələb edirlər.
O, “qeyri-qanuni silah, sursat, partlayıcı maddə və qurğular əldə etmək, saxlamaq və daşımaq”, bir qrup şəxslərlə birlikdə “inzibati binalar, telekommunikasiya qovşaqları, o cümlədən, Yerevan televiziya qülləsinin zəbt edilməsini” planlaşdırmaqda ittiham olunur.
Dəstənin əsasını “Sasunlu cəsurlar” dəstəsi, Müəssislər Məclisi hərəkatı və onların tərəfdarları təşkil edir.
"Qiyamçılar" ələ keçirdiyi binaya aparan yollar hər tərəfdən bir neçə cərgə yük maşınları ilə bağlanıb
“Qiyamçılar” ələ keçirdiyi binaya aparan yollar hər tərəfdən bir neçə cərgə yük maşınları ilə bağlanıb
“Silahlı qiyamçıların” müdafiəsinə yürüş bazar ertəsi yerli vaxtla saat 19-da Azadlıq meydanında polis zorakılığına qarşı etiraz aksiyasından başlayıb.
Polis post-patrul alayının binası silahlı dəstə tərəfindən ələ keçirilən günü polis heç bir izahat vermədən Ermənistanın paytaxtı və başqa rayonlarında kütləvi həbslərə başlayıb. Onlarla tutulub saxlananları polis şöbələrinə yox, daxili qoşunlar alayının ərazisində idman zalına toplayıb, 10-15 saatdan sonra buraxıblar.
Sabahısı gün Azadlıq meydanında etirazçıların sayı daha da artıb.
Gecə yarısından sonra polis post-patrul alayı yaxınlığında mitinq təşkil edilib. Mitinqdə girov saxlayan “oğlanlara” dəstək və təsəlli, prezident Sarkisyanın isə istefası tələbləri səslənib.