Facebook-un internet “saçan” dronu ilk dəfə havaya qalxdı

Facebook, günəş enerjisi ilə çalışan dronunu uğurla sınaqdan keçirib. “Aquila” (Qartal) adlı pilotsuz aparat, 90 dəqiqə müddətində havada qalıb.
Facebookdan verilən açıqlamaya görə, dron gözləniləndən 3 dəfə artıq səmada qala bilib.
Aquila
Aquila ilk dəfə 2015-ci ilin martında F8 konfransında nümayiş etdirilmişdi, ancaq indiyə qədər daha kiçik modellərlə bir neçə dəfə uçuşlar gerçəkləşdirilib.
Dronun əsas hədəfi dünyada internetə çıxışı olmayan 4 milyard insana internet bağlantısını çatdırmaqdır. Təxminən Boeing 737 təyyarəsinin bir qanadı ölçüsündə olan pilotsuz aparat tamamilə hazır olduğunda 3 ay boyunca 18 kilometrdən 27 kilometrə kimi yüksəklikdə uça biləcək.
Mark Zuckerberg dronun uçuşunu seyr edir
18 kilometrdən daha yüksəyə uçduqda lazer sistemi ilə əlaqə qura bilən dron 100 kilometrik dairələri də işarələyə bilir.
Hələ hədəflərinə çatmaq üçün bir neçə ilin lazım olduğunu deyən Mark Zuckerberg üz-üzə olduqları problemləri həll edəcəklərini və Aquilanı daha çox havada tutmağa çalışacaqlarını bildirib.