Hillary Clinton FTB-də ifadə verib

ABŞ-da Demokrat Partiyasının prezidentliyə ehtimal olunan namizədi Hillary Clinton dövlət katibi vəzifəsini icra etdiyi zaman şəxsi emaili vasitəsilə rəsmi yazışmalar etdiyi üçün Federal Təhqiqat Bürosuna ifadə verib.
Hillary Clinton-un seçki kampaniyasından verilən məlumata görə, FTB-nin paytaxt Vaşinqtondakı mərkəzində baş tutan görüş təxminən 3 saat yarım çəkib. Seçki kampaniyasının sözcüsü Nick Merrill-in mətbuata verdiyi yazılı açıqlamada deyilir ki, Clinton-un vəzifədə olduğu müddətdəki elektron məktubları ilə bağlı könüllü ifadə verib.
Ədliyyə Nazirliyinin araşdırmanı yekunlaşdırmağa çalışdığı üçün Clinton-un ifadə verməkdən məmnun olduğu bildirən Merrill, keçmiş dövlət katibinin təhqiqatın davam etdiyi üçün ifadəsi ilə əlaqədar daha çox məlumat verə bilməyəcəyini qeyd edib.
FTB keçmiş dövlət katibi Hillary Clinton-un 2009-2013-cü illərdə rəsmi yazışmaları şəxsi hesabından həyata keçirdiyi üçün 2-15-ci ilin avqust ayında təhqiqata başlamışdı. Yazışmalarda təhlükəsizliklə bağlı məsələlərin olub-olmadığı araşdırılır.  Clinton-un şəxsi elektron poçtunda olan yazışmaları 55 min səhifə olmaqla səlahiyyətlilərə təqdim edib.