“Hökümətin ağır şərtlərlə borclanması ölkəni daha çətin vəziyyətə sala bilər”

Xəbər verdiyimiz kimi “Fitch” beynəlxalq agentliyi Azərbaycanla bağlı növbəti proqnozunu açıqlayıb. Daha əvvəl digər agentliklərin açıqlamalarında olduğu kimi “Fitch” də ölkəmizdə iqtisadiyyatın daha da gerilədiyini qeyd edərək, ümumi nəticədə proqnozunu “neqativ” olaraq bəyan edib.
Abzas.net iqtisadçı ekspertlərdən agentliyin açıqlamasına münasibət öyrənib.
“Ölkəyə investisiya cəlb etmək heç də asan olmayacaq”
Ekspert Qubad İbadoğlu beynəlxalq səviyyədə gələn neqativ proqnozun gözlənilən olduğunu deyir:
Qubad İbadoğlu
Qubad İbadoğlu
“Gözlənilən idi, maliyyə sektorunda qeyri-sabitlik beynəlxalq agentliklərin Azərbaycanla bağlı reytinqə yenidən baxmasına əsaslar yaradırdı. Təbii ki, bunun müəyyən təsirləri olacaq, həm hökümət xaricdən borc almaqda çətinlik çəkəcək, həm də Azərbaycana verilən borcların faiz dərəcəsi yüksək olacaq. Əgər hökümət borc almağa davam edərsə, yaranacaq xərcləri ödəməkdə kifayət qədər çətinlik çəkə bilər. Digər məqam ondan ibarətdir ki, ölkəyə investisiya cəlb etmək heç də asan olmayacaq. Bizim üçün ən vacib olan məsələlərdən biri xarici investorları cəlb etməyi bacarmaqdı. Ancaq onlar xüsusilə bu cür yüksək beynəlxalq agentliklərin açıqladıqları reytinqləri diqqətlə izləyirlər və indiki vəziyyətdə onların ölkəmizə yatırımlar edəcəyi xeyli çətin görünür”.

 

“Beynəlxalq institutlar ya kredit verməyəcək, ya da çox ağır şərtlərlə verəcəklər”
İqtisadçı ekspert Natiq Cəfərli də verilən mənfi proqnoz ilə bağlı fikirlərini bölüşüb. Natiq Cəfərlinin sözlərinə görə ardıcıl bankların bağlanması və uzun müddətdir davam edən durğunluq ölkəni daha çətin vəziyyətə sala bilər:
Natiq Cəfərli2
Natiq Cəfərli
“Əslində gözlənilən idi. Çünki neftdən asılı olan iqtisadiyyatların hamısında ümumi maliyyə çətinliklərinin olduğuna görə reytinqlərin aşağı düşməsi baş verir. Reytinqin aşağı düşməsi Azərbaycana bir neçə istiqamətdən ciddi təsirləri var. Birinci istiqamət odur ki, Azərbaycanın üç böyük agentlik tərəfindən neqativ proqnoz alması gələcəkdə kredit alınmasını çətinləşdirəcək. Beynəlxalq institutlardan kredit alınması üçün reytinqlərin yuxarı olması əsas şərtlərdən biridir. Aşağ reytinqli ölkələrə ya kredit vermirlər, ya da çox ağır şərtlərdə, yüksək faizlərlə kredit verilir, bu da təbii ki, ölkəni daha da ağır nəticələrə gətirib çıxara bilər.
Ekspert əlavə edib ki, reytinqlərdə ölkənin aşağı yerlərdə olmasına ikinci ən böyük təsir isə investisiya mühiti ilə bağlı olur, reytinqi aşağı düşən ölkələrə risklərin və təhlükələrin yüksək səviyyədə olduğunu nəzərə alaraq xarici investorlar maraq göstərmirlər:
“Nəticədə həmin ölkələri öz investisiya portfelinə daxil etmirlər. Bu iki istiqamət də Azərbaycana çox böyük ziyandır, indi ölkənin çox ciddi valyutaya, yatırımlara, kreditə ehtiyacı var. Bundan sonra Azərbaycana kifayət qədər yüksək həcmli kreditlər lazımdır. Düşünürəm ki, hökümət israrla borc axtarmağa və ağır şərtlərlə borclanmağa davam edəcək. 26 avqustda açıqlanacaq reytinqdən də müsbət nəticə gözləmirəm, çünki bank sektorunda stressli vəziyyət davam edir. Həm də ölkənin ticarət balansında mənfi saldo yaranır, təbii ki bu da qiymətləndirməyə öz təsirini göstərəcək. Bütün agentliklər Azərbaycanda geriləmə müşahidə edir, ona görə də əksinə reytinqin daha da aşağı səviyyələrə düşmə ehtimalı var”.