İncirlik hərbi bazası polis mühasirəsində

Adana Polis İdarəsi 15 iyul tarixindəki kimi bir çevrilişə cəhdin ola biləcəyi ilə bağlı kəşfiyyat məlumatı əldə etdiyini bildirib. Polis həmin vaxt həyəcan siqnalı verərək bütün polisləri vəzifə başına çağırıb.
30 iyul saat 23:00-da təqribən 7 min polis vəzifə başına gələrək Adana Polis İdarəsi, Adana Valiliyi, Adana Havalimanı və Kürkçülər həbsxanası ətrafında təhlükəsizlik tədbirləri alıb. Həmçinin, Adanada hərbi hissələrin qarşısına çevik qüvvələr, polislər, TOMA və zirehli texnikalar toplaşıb.
10-cu tanker bazasının keçmiş komandanı Bekir Ercan Vanın çevriliş üçün istifadə etdiyi bazanın bütün giriş-çıxışlarında da polis təhlükəsizlik tədbirləri görüb. Bazasının girişində 5 TOMA və uzunlüləli silahlarla çevik qüvvələrin polisləri durub.
Əlavə olaraq polis bazaya ikinci əmr olana qədər giriş-çıxışları qadağan edib. İncirlik bazasında şəhərcikdə qalan vətəndaşlara da giriş çıxış qadağan edilib.
ABŞ baş qərargah rəisi İncirlik bazasına gəlir
ABŞ hərbi qüvvələrin baş qərargah rəisi Joseph Dunford bu gün Türkiyəyə gəlir. Dunford səfər çərçivəsində Ankarada iki tərəfli görüşlərdə iştirak edəcək və İncirlik hərbi bazasında amerikalı əsgərlərlə görüşəcək.