“İstintaq təcridxanasında görüş verilmirsə” – Xədicə İsmayıl yazır

Son günlər “Heykəl məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədovun vəkili Elçin Sadıqov mətbuata açıqlamasında bildirib ki, vicdan məhbuslarının ailələri ilə görüşünə həbsxana rəhbərliyi icazə vermir. Bununla bğlı keçmiş siyasi məhbus, araşdırmaçı jurnalist Xədicə İsmayıl sosial mediada faydalı bir təcrübəni paylaşıb. Paylaşımın mətninin sizlərə paylaşırıq:
Öyrəndim ki, Qiyas və Bayrama da ailəsi ilə görüş verilmir. Mən də həbs olunandan sonra üç ay yarım görüşdən məhrum edilmişdim. Məsələ necə həll olundu?
1. Ailə üzvlərim görüş üçün müraciət yazdılar və əllərində həmin müraciətin göndərildiyini təsdiqləyən poçt sənədi vardı.
2. İstintaq Təcridxanasının rəisinə bu məzmunda müraciət ünvanladım:
Bakı İstintaq Təcridxanasının rəisi Ədliyyə polkovniki cənab Azər Seyidova təqsirləndirilən şəxs qismində BİT-də saxlanılan İsmayılova XƏdicə Rövşən qızı tərəfindən
Ərizə
05 Dekabr 2015-ci il tarixdən BİT-də saxlanılıram. Bu müddət, yəni üç ay on üç gün ərzində dəfələrlə özüm və vəkilim vasitəsilə qohumlarım və yaxınlarımla görüşə icazə verilməsi barədə yazılı və şifahi müraciətlər etsəm də, bu görüşlərə nail ola bilməmişəm. Bundan əlavə, qohumlarım və yaxınlarım da mənimlə görüşmək üçün sizə yazılı müraciətlər ünvanlamışlar. Onlara da heç bir cavab verilməyib.
Həbs qətimkan tədbirinin seçilməsi üçün təqdimat vermiş Bakı Şəhər Prokurorluğu və Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsindən vəkillərimə və mənə görüşlə bağlı hər hansı məhdudiyyətin qoyulmadığı bildirilmişdir. Əgər sizdə belə bir məhdudiyyətin qoyulduğuna dair hər hansı sübut, yaxud əsas ola biləcək məlumat varsa, qanunvericiliyimiz bu əsaslarla məni tanış etməyinizi tələb edir.
Əminəm ki, qanunvericiliyin tələbləri ilə məndən daha yaxşı tanışsınız. Hər ehtimala qarşı, qanunun aşağıdakı tələblərini bir daha nəzərinizə çatdırıram:
1. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsi Maddə 161.1.5
İstintaq Təcridxanasının müdiriyyətinin vəzifələrinə daxildir: “… həbs edilmiş şəxsin müdafiəçisi, qanuni nümayəndəsi, yaxın qohumları ilə və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslərlə görüşlərini təmin etmək”.
2. “Həbs yerlərində saxlanılan şəxslərin hüqiq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu. Maddə 19.6:
“Həbs edilmiş şəxs yaxın qohumları və ya əlaqə saxlaması onun üçün qanuni maraq doğuran digər şəxslər ilə ayda dörd dəfə 4 saatadək müddətə ləyaqətli şəraitdə və nəzarət altında görüşmək hüququna malikdir. Həbs edilmiş şəxs görüşlər zamanı Daxili intizam qaydalarını pozduqda görüşlər vaxtından əvvəl dayandırıla bilər və bu halda həmin fakt protokollaşdırılmalıdır”.
3. BMT Məhbuslarla minimal standart davranış qaydaları. Maddə 92:
İstintaqda olan məhbusların “… qohumları, dostları ilə məqbul təmasda olmaq və onları həbsxanada qəbul etmək… imkanı olmalıdır
Sizə hüquqlarımı təmin edən bu qanun müddəalarını xatırlatmaqla,
1. Ailə üzvlərim və dostlarımla görüş hüququmun əngəllənməsi kimi qanun pozuntusuna son verərək bu görüşləri ən qısa zamanda təmin etmənizi;
2. İndiyə qədər bu görüşlərə icazə verilməməsinə hansı əsaslar olduğunu mənə yazılı şəkildə bildirmənizi;
3. Görüşlərimə məhdudiyyət qoyulması ilə bağlı hər hansı qanuni əsas olmadığı halda görüş hüququmun pozulmasında günahkar olan şəxslərə qarşı tədbir görərək, məni bu tədbirlər barədə məlumatlandırmağınızı xahiş edirəm.
Ən xoş arzularla,
Xədicə İsmayılova.
Bu məktubu göndərdiyim gün məni rəis çağırdı. Qəzəbli idi. Amma görüşlərə icazə verildi.
Paylaşdım ki, bəlkə faydalanmaq istəyən oldu.
Ən xoş arzularla, 🙂
Xədicə.